“Beynəlxalq münaqişələrin davam etməsi yaxın illərdə də gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
Putin bildirib ki, dünyada baş verən proseslər inkişafın həlledici dönüş nöqtəsinə çatıb və məsələ yalnız siyasətlə məhdudlaşmır. Onun sözlərinə görə, siyasət daha dərin dəyişikliklərin nəticəsidir:
“Bu gün dünya siyasətində düşünülə bilən və bilinməyən bütün tabular pozulur”.
Rusiya lideri bildirib ki, gec-tez bütün dünya ölkələri yeni dünya nizamının prinsipləri barədə razılığa gəlməli olacaq. Onun sözlərinə görə, çoxqütblü dünyanın reallıqlarının tanınması qaçılmazdır.
Putin qeyd edib ki, dünyada artıq baş vermiş və qarşıdakı dəyişikliklərin miqyası olduqca böyükdür.
O, həmçinin Qərb ölkələrinin BMT-də qeyri-mütənasib dərəcədə böyük təsirə malik olduğunu iddia edib. Rusiya prezidentinin sözlərinə görə, bu, təşkilatda disbalansa səbəb olur. Putin BMT strukturunun dünya ölkələrinin müxtəlifliyini əks etdirməsi üçün ədalətli islahatların aparılmasını dəstəklədiyini bildirib.
“Qərbin hegemonluğundan uzaqlaşdıqca dünya daha yaxşıya doğru dəyişəcək, lakin bu yolda bizi risklər gözləyir”, – Putin deyib.
Rusiya Prezidenti bir sıra beynəlxalq təşkilatların ayrı-ayrı ölkələr qrupunun maraqları naminə riskləri artırdığını da iddia edib.
Putin Ukraynadakı müharibəyə də toxunaraq Rusiyanın özünü silahlı şəkildə müdafiə etməyə məcbur edildiyini bildirib. O, NATO-nun Rusiyanın “tarixi ərazilərini mənimsəməyə” başlamamalı olduğunu deyib:
“Ukraynada rusofobiyanı və rusların öldürülməsini dövlət ideologiyasına çevirmək lazım deyildi”.
Rusiya lideri çıxışının sonunda Qərb ölkələrini münasibətləri normallaşdırmağa çağırıb:
“Əgər sülh içində yaşamaq istəyiriksə, gəlin dostcasına yaşayaq”.
Bizim.Media