Rusiyanın paytaxtında Moskva Mərkəzi Dairəsində (MCK) maşinistin kabinədə olmadığı sərnişin qatarının sınaqları aparılır.
Bizim.Media xəbər verir ki, “Lastoçka” qatarının dördüncü səviyyəli avtomatlaşdırma sistemi ilə təchiz edilmiş versiyası hazırda test rejimində sınaqdan keçirilir.
Sistemin yaxın vaxtlarda tam hazır vəziyyətə gətirilərək sertifikatlaşdırılacağı bildirilir.
Avtomatlaşdırmanın əvvəlki səviyyəsi artıq iki ildir ki, MCK-də fəaliyyət göstərir. Lakin həmin sistemdə kabinədə qatarın hərəkətinə, o cümlədən qapıların açılıb-bağlanmasına nəzarət edən maşinist olur.
Dördüncü səviyyəli avtomatlaşdırma zamanı isə qatarı maşinist-operator dispetçer mərkəzindən idarə edir. Qatarın marşrut üzrə bütün əsas proseslərini avtomatika həyata keçirir, insan müdaxiləsi isə yalnız fövqəladə və ya qeyri-standart vəziyyətlərdə tələb olunur.
Bir operatorun eyni vaxtda dörd qatarın hərəkətinə nəzarət edə biləcəyi qeyd olunur.
Sistemin təhlükəsizliyini yoxlamaq üçün sınaqlar zamanı relslərin üzərinə manekenlər də yerləşdirilib. Avtomatika insanı yüzlərlə metr məsafədən aşkar edir və qatarın sürətini tədricən azaldaraq “maneə”nin qarşısında dayanır.
Qatarın idarəetmə sistemi və proqram təminatının tamamilə Rusiya istehsalı olduğu bildirilir.
Bizim.Media