Avstraliyalı dron operatoru, ehtimal ki, ilk dəfə təbii şəraitdə donqar balinanın doğuş prosesini tam şəkildə lentə alıb.
Bizim.Media “Live Science” nəşrinə istinadən xəbər verir ki, unikal görüntülər Yeni Cənubi Uels ştatının şimal sahillərində balinaların miqrasiyasının müşahidəsi zamanı əldə edilib.
Avstraliyanın Balinakimilərin Xilasetmə və Tədqiqat Təşkilatının (ORRCA) dron operatoru Aleksandr Forrest balinalar qrupunun arxasınca digərlərindən xeyli yavaş hərəkət edən dişi balina görüb. Bir müddət sonra onun bala dünyaya gətirdiyi məlum olub.
Videoda yeni doğulmuş balinanın ilk dəfə nəfəs almaq üçün suyun səthinə qalxdığı, anasının isə istiqamətini dəyişərək onun yanına qayıtdığı görünür. Çəkiliş Kinqskliff ərazisində sahildən təxminən 700 metr məsafədə aparılıb.
Forrestin sözlərinə görə, bu, tədqiqatçılara məlum olan məlumatlar əsasında dron vasitəsilə donqar balinanın canlı doğuşunu əvvəldən sona qədər əks etdirən dünyada ilk videodur. ORRCA nümayəndəsi bildirib ki, ümumilikdə bu cür doğuşları lentə almaq yalnız dördüncü dəfə mümkün olub.
Mütəxəssislər görüntüləri ətraflı araşdırmağı və nəticələr əsasında elmi məqalə hazırlamağı planlaşdırırlar.
Xüsusi maraq doğuran məqam dişi balinanın öz qrupundan uzaqda bala dünyaya gətirməsidir.
Alimlər bu davranışı daha əvvəl qeydə alınmış digər hadisələrlə müqayisə edəcəklər. Bunlardan biri 2023-cü ildə kaşalotun doğuşunun lentə alınmasıdır. Həmin görüntülərdə yeni doğulmuş balinanın ətrafında bir neçə yetkin dişi kaşalotun olduğu və onların balanın ilk nəfəsini alması üçün suyun səthinə qalxmasına kömək etdiyi görünürdü.
Donqar balinalar balaları ilə təxminən 11 ay birlikdə qalırlar. Yeni doğulmuş bala 900 kiloqramdan 1,36 tona qədər çəkiyə malik olur, uzunluğu isə 3–5 metrə çatır.
Balina balası yağlı ana südü ilə qidalanaraq gündə təxminən 45 kiloqram çəki yığır. Bu müddət ərzində o, ilk miqrasiyasına hazırlaşmaq üçün kifayət qədər güc toplayır.
Donqar balinaların miqrasiya məsafəsi qütb suları ilə tropik çoxalma əraziləri arasında bir istiqamətdə 8 min kilometrə qədər çata bilər.
Bizim.Media