185 ölkəni əhatə edən araşdırmaya əsasən, Azərbaycan ödənişli istirahət günlərinin sayına görə dünyada ən yüksək göstəricilərə malik ölkələr sırasındadır.
Bizim.Media xəbər verir ki, Resume.io-nun araşdırmasına görə, 2025-ci ildə Azərbaycanda vətəndaşların illik məzuniyyət və dövlət bayramları da daxil olmaqla ümumilikdə 42 gün ödənişli istirahət imkanı olub. Bu göstərici dünya üzrə orta hesabla 30 gündür.
Araşdırmada Azərbaycan Rusiya, Küveyt, Mali, Peru və Türkmənistanla birlikdə 5-ci pilləni bölüşür.
İran 53 günlə siyahıya liderlik edir. Yəməndə bu göstərici 45 gün, Bəhreyn və Butanda 44 gün, Madaqaskar, Niger və Toqoda isə 43 gündür.
Avropada ən yüksək göstərici İslandiyaya məxsusdur – 40 gün. İsveç, Portuqaliya və Slovakiyada isə ödənişli istirahət günlərinin sayı 35 gündür.
Araşdırmaya əsasən, ABŞ cəmi 10 günlə siyahının sonlarında qərarlaşıb. Mikroneziyada isə bu göstərici daha aşağıdır. ABŞ qanunvericiliyində özəl işəgötürənlər üçün ödənişli məzuniyyətin məcburi olması nəzərdə tutulmur.
Tədqiqat müəllifləri qeyd edirlər ki, hesablamalarda yalnız qanunvericiliklə müəyyən edilən minimum təminatlar nəzərə alınıb. Buna görə də bəzi ölkələrdə işəgötürənlərin əlavə istirahət günləri verməsi real vəziyyətin fərqli olmasına səbəb ola bilər.
Bizim.Media