Bakının Sabunçu rayonunda 1960-cı il təvəllüdlü Firudin Hacıyevi avtobusla vurub öldürməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Ələşrəf Əliyevin məhkəmə prosesində Şahid Musa Balakişiyev ifadə verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Orxan Qocayevin sədrliyi ilə keçirilən prosesdə şahid bildirib ki, hadisə vaxtı o da Firudin Hacıyevlə birgə olub:
"Marşrut avtobusu sürətlə gəlirdi. Mən kənara çəkildim və qışqıraraq Firudin Hacıyevi də səslədim. Lakin avtobus onu vurdu, sonra təcili tibbi yardıma zəng etdik".
Şahid qeyd edib ki, görülən işlərlə əlaqədar yola təhlükəsizlik üçün işarə qoyulub:
"Qırmızı konus bizdən 10 metr irəlidə idi. Avtobus çox sürətlə gedirdi".
Ələşrəf Əliyev deyib ki, şahid Musa Balakişiyevi tanımır və hadisə yerində onu görməyib. Təqsirləndirlən şəxsin sözlərinə görə, hadisə yerində iki qadın olub. İclasda həmçinin şahid ifadə verməzdən əvvəl hakim təqsirləndirilən tərəfdən zərərçəkən tərəfə hər hansı bir məbləğ təklif edilib-edilmədiyini soruşub.
Ələşrəf Əliyev qarşı tərəfə dəymiş maddi ziyanın ödənilməsi üçün 5 min manat təklif edildiyini söyləyib.
Zərərçəkən şəxsin hüquqi varisi, mərhum Firudin Hacıyevin oğlu Əkbər Hacıyev deyib ki, hadisə nəticəsində onlara 25 min manat maddi ziyan dəyib. Qarşı tərəfin maddi durumunu nəzərə alaraq dəymiş 25 min manat ziyandan heç olmasa, 15 min manat təklif etsələr, razılaşarıq".
Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı ilin 24 aprelində səhər saatlarında Bakının Sabunçu rayonunda Heydər Əliyev prospekti ilə Yavər Əliyev küçəsi istiqamətində olan yeraltı avtomobil keçidində baş verib.
Belə ki, Ələşrəf Əliyev 186 xətt marşrutu üzrə fəaliyyət göstərən "Daewoo" markalı avtobusla hərəkətdə olan zaman yolun sağ tərəfində dayanan Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi, ərazidə təyinatı üzrə fəaliyyət göstərən 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub.
O, xəstəxanaya çatdırılan zaman yolda vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media