Gəncənin unudulan TARİXİ XƏZİNƏSİ: Avstraliyadan bura oxumağa gəlirdilər... – FOTO

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncə minilliklər boyu təkcə siyasi və iqtisadi deyil, həm də elm, mədəniyyət və maarifçilik mərkəzi kimi tarix yazıb. Qədim tarixi ilə seçilən şəhər bu gün də öz qədim memarlıq irsi ilə seçilir. Cümə Məscidi, Şah Abbas Karvansarayı, Uğurlu Xan Karvansarayı, Çökək Hamam, İmamzadə Kompleksi, Gəncə Xan Sarayı, qala divarları və darvazaları şəhərin şöhrətini yaşadan abidələrdəndir.

Lakin Gəncədə elə bir tarixi bina da var ki, onun divarları Azərbaycanın qadın təhsilinin ilk səhifələrini özündə yaşatsa da, bu faktı çox az adam bilir.

Söhbət Gəncə şəhəri, Əziz Əliyev küçəsi 110 ünvanında yerləşən, hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi kimi fəaliyyət göstərən tarixi binadan gedir. XIX əsr Gəncə memarlıq üslubunda qırmızı kərpicdən inşa edilən bina dövlət tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qorunur.

Tarixçi Cavid Bağırzadə Bizim.Media-ya bildirdiyinə görə, bina 1883-cü ildə həmin dövrün Yelizavetpol qubernatoru knyaz Aleksandr Nakaşidzenin təşəbbüsü ilə tikilib. İki il sonra – 1885-ci ildə burada Gəncəbasarda ilk qız təhsil müəssisəsi olan "Müqəddəs Nina" Qız Gimnaziyası fəaliyyətə başlayıb:


“Bu gimnaziyada təhsil pullu idi və bütün dərslər rus dilində keçirilirdi. Tədris proqramına rus dili, tarix, coğrafiya, hesab, təbiətşünaslıq, fransız və alman dilləri, musiqi, rəsm, eləcə də biçmə-tikmə kimi fənlər daxil idi. Gimnaziya şəhərin ikinci hissəsində, əsasən ermənilər və digər qeyri-müsəlman əhalinin yaşadığı, "Qırmızı kənd" adlanan məhəllədə yerləşirdi. Çar Rusiyası dövründə yaradılan bu təhsil müəssisəsinin məqsədi qadın təhsilini genişləndirmək və savadsızlığı azaltmaq idi. Lakin təhsil rus dilində aparıldığı və ödənişli olduğu üçün burada əsasən rus məmurlarının və digər millətlərin övladları təhsil alırdı” deyə tarixçi əlavə edib.

Arxiv sənədlərinə əsasən, 1885–1906-cı illərdə gimnaziyada 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 xaldey, 3 aysori, 1 avstraliyalı və 1 osetin qız oxuyub.

Bu siyahıda cəmi üç azərbaycanlı müsəlman qızın adı yer alır. Onlar dövrünün tanınmış və nüfuzlu ailələrinin övladları – xan qızı Zərnitac Ziyadxanova, məmur qızı Dilruba Həsənbəyova və general qızı Sayad Novruzova idi.

İlk azərbaycanlı tələbə qızlar

Zərnitac Ziyadxanova Azərbaycanın ən qədim və məşhur nəsillərindən biri olan Ziyadxanovlar soyunun nümayəndəsi idi. Atası Adil xan Ziyadxanov Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, bir neçə xarici dili mükəmməl bilən ziyalı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər nazirinin müavini və Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri olmuş görkəmli diplomat idi.

İlk azərbaycanlı tələbələrdən biri olan Dilruba Həsənbəyova haqqında mənbələrdə geniş məlumat əks olunmasa da, onun Gəncənin tanınmış məmurlarından birinin qızı olduğu və şəhərdə qadın maarifçiliyinin ilk nümayəndələrindən sayıldığı qeyd edilir.

Gimnaziyanın azərbaycanlı tələbələrindən 3-cüsü olan Sayad Novruzova isə Çar Rusiyası ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun qızı idi. Atası Sankt-Peterburqda ali hərbi təhsil almış, imperiya ordusunda yüksək hərbi rütbəyə qədər yüksəlmişdi. Onun qardaşı Teymur bəy Novruzov isə Birinci Dünya müharibəsinin qəhrəmanı, sonradan Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda Süvari Diviziyasının komandiri olmuş general-mayor idi. Tarixi mənbələr göstərir ki, Novruzovlar ailəsi Tiflis və Gəncə zadəganları ilə sıx əlaqələr saxlayırdı. Bu mühit Sayad xanımın erkən yaşlarından yüksək dünyəvi təhsil və zəngin mədəni mühitdə formalaşmasına şərait yaratmışdı.

Cümhuriyyət dövründə yeni mərhələ

"Müqəddəs Nina" Qız Gimnaziyası Azərbaycan Xalq Cümhuriyyəti illərində də fəaliyyətini davam etdirib. 11 avqust 1919-cu ildə təhsil müəssisəsinin adı dəyişdirilərək "Gəncə Qız Gimnaziyası" adlandırılıb. Məhz bu dövrdə azərbaycanlı qızların təhsilə cəlb olunmasında mühüm dönüş yaşanıb. Əgər 1918–1919-cu tədris ilində burada cəmi 4 azərbaycanlı qız təhsil alırdısa, artıq 1919–1920-ci tədris ilində onların sayı 196 nəfərə çatmışdı.


1919-cu il dekabrın 28-də maddi imkanı zəif olan və əla qiymətlərlə oxuyan üç şagirdin təhsil haqqından azad olunması barədə qərar qəbul edildi. Həmin şagirdlərdən biri azərbaycanlı müsəlman qız idi.

1920-ci ilin fevralında isə gimnaziyanın müəllim və şagirdlərinin təşəbbüsü ilə xeyriyyə tamaşası təşkil olundu. Tamaşadan əldə edilən vəsait maddi vəziyyəti ağır olan qızların təhsil haqqının ödənilməsinə sərf edildi.

Tarixin canlı şahidi

Bu gün Əziz Əliyev küçəsindən keçərkən qırmızı kərpicdən ucaldılan həmin binaya bir anlıq diqqətlə baxmağa dəyər. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi kimi fəaliyyət göstərən bu tikili təkcə memarlıq abidəsi deyil. Onun hər daşında Azərbaycanın qadın maarifçiliyinin başlanğıcı, cəmiyyətin savadlanması uğrunda atılan ilk addımlar və milli intibah tariximizin unudulmamalı səhifələri yaşayır.

Bəzən bir bina yalnız divarlardan ibarət olmur. O, bütöv bir xalqın yaddaşını, taleyini və gələcəyə aparan yolunu qoruyan canlı tarix kitabına çevrilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq SAĞ QALDI

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq SAĞ QALDI

Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Litvanın Baş naziri İlham Əliyevə ZƏNG ETDİ

Litvanın Baş naziri İlham Əliyevə ZƏNG ETDİ

İlham Əliyev Pezeşkiana təşəkkür etdi – FOTO

İlham Əliyev Pezeşkiana təşəkkür etdi – FOTO

Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO

Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO

Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir

Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir

Oktay Kaynarca və Fahriyə Evcənin serialında o da olacaq -Foto

Oktay Kaynarca və Fahriyə Evcənin serialında o da olacaq -Foto

Cinayətdə şübhəli bilinən 68 nəfər TUTULDU

Cinayətdə şübhəli bilinən 68 nəfər TUTULDU

“İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!

“İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!

Tatarıstanda matəm ELAN EDİLDİ

Tatarıstanda matəm ELAN EDİLDİ

Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Ər seçimində çox diqqətli olan üç bürc

Ər seçimində çox diqqətli olan üç bürc

Gəncənin unudulan TARİXİ XƏZİNƏSİ: Avstraliyadan bura oxumağa gəlirdilər... – FOTO

Gəncənin unudulan TARİXİ XƏZİNƏSİ: Avstraliyadan bura oxumağa gəlirdilər... – FOTO

Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?

Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?

Balakəndə ZƏNCİRVARİ QƏZA – Ölənlər və yaralılar var

Balakəndə ZƏNCİRVARİ QƏZA – Ölənlər və yaralılar var

Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş... – TƏFƏRRÜAT

Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş... – TƏFƏRRÜAT

Şamaxı-İsmayıllı yolundakı qəzanın ANBAAN VİDEOSU

Şamaxı-İsmayıllı yolundakı qəzanın ANBAAN VİDEOSU

Yayda hamı bunu edir, amma təhlükəsini bilmir –İsti qum həqiqətən dərmandır?

Yayda hamı bunu edir, amma təhlükəsini bilmir –İsti qum həqiqətən dərmandır?

Ukraynadan Tatarıstana PUA HÜCUMU – Sənaye müəssisələri BELƏ VURULDU – VİDEO

Ukraynadan Tatarıstana PUA HÜCUMU – Sənaye müəssisələri BELƏ VURULDU – VİDEO

Çingiz Əlioğlunun dəfn yeri AÇIQLANDI

Çingiz Əlioğlunun dəfn yeri AÇIQLANDI

DYP-dən velosipedçilərə MÜRACİƏT

DYP-dən velosipedçilərə MÜRACİƏT

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO