“Silahlı münaqişələrin ağır humanitar nəticələrinin aradan qaldırılması beynəlxalq humanitar hüquq normalarına ciddi riayət olunmasını və törədilmiş pozuntulara görə məsuliyyətin təmin edilməsini tələb edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Nəzrin Əliyeva ATƏT-in 2026-cı il Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində “Humanitar məsələlər I” mövzusuna həsr olunmuş 1-ci plenar iclasda çıxış edib.
O qeyd edib ki, itkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciə olmaqda davam edir:
“1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dörd minə yaxın azərbaycanlı bu günədək itkin düşmüş şəxs hesab olunur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların aşkarlanması, işgəncə faktları da daxil olmaqla, beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn sistemli şəkildə pozulmasına dair sarsıdıcı dəlillər ortaya qoyur. Nəticədə minlərlə ailə otuz ildən artıqdır ki, yaxınlarının taleyindən xəbərsizdir”.
Nəzrin Əliyeva diqqətə çatdırıb ki, Ermənistan kütləvi məzarlıqların yerləşdiyi ərazilərə dair koordinatları Azərbaycana təqdim etməlidir:
“İkincisi, vaxtilə işğal altında olmuş ərazilərin geniş miqyasda minalarla çirkləndirilməsi mülki əhalinin həyatı üçün birbaşa və ölümcül təhlükə yaratmaqda davam edir. Bu minalar yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışına ciddi maneə yaradır, eyni zamanda münaqişədən sonrakı zəruri bərpa və yenidənqurma prosesini ləngidir. Mina sahələrinə dair tam və dəqiq xəritələrin təqdim edilməməsi hələ də ciddi humanitar problem olaraq qalır.
Üçüncüsü, diqqəti Azərbaycan xalqına məxsus mədəni, tarixi və dini irsin həm vaxtilə işğal altında olmuş ərazilərdə, həm də Ermənistan ərazisində qəsdən və geniş miqyasda dağıdılması, eləcə də izlərinin silinməsi faktına yönəltmək istərdik.
Mədəni irsin sistemli şəkildə dağıdılması və tarixi mənşəyinin saxtalaşdırılması silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair beynəlxalq hüquq normalarının ciddi pozuntusudur. Azərbaycan ATƏT-i və beynəlxalq tərəfdaşları törədilmiş pozuntulara görə tam məsuliyyətin təmin olunmasını tələb etməyə, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına dəstək göstərməyə və ərazilərin minalardan təmizlənməsi sahəsində hərtərəfli əməkdaşlıq etməyə çağırır”.
Qeyd edək ki, oktyabrın 5-də Polşanın Varşava şəhərində başlayan ATƏT-in 2026-cı il Varşava İnsan Ölçüsü Konfransı oktyabrın 15-dək davam edəcək.
Bizim.Media