Şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumat verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat vermə hesab edilməyəcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda fiziki şəxslərin, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olduqda həmin məlumatın verilməsi onların qanunazidd açıqlanması hesab edilməyəcək.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda aşağıdakılar göstərilməlidir:
- məlumat verən şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, iş yerinin (xidmət göstərdiyi yerin) adı və ünvanı;
- korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları;
- korrupsiya ilə əlaqədar hüquqpozmanı təşkil edən, törədən və ya törədilməsində iştirak edən şəxslər haqqında bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar (verilməsi mümkün olduqda);
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı əvvəllər məlumat verilib-verilməməsi (əgər məlumat verilmişdirsə, kimə verilməsi və nəticəsinə dair məlumatlar).
Layihəyə görə, verilən məlumat qanunda müəyyən edilmiş tələblərə uyğun olduqda, məlumatı qəbul edən səlahiyyətli subyekt həmin şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxs kimi tanınması barədə qərar qəbul edəcək. Qərarın surəti dərhal məlumat verən şəxsə poçt vasitəsilə və ya elektron formada göndəriləcək. Əgər korrupsiya ilə əlaqədar hüquqpozma barədə verilmiş məlumat əsasında cinayət işi başlanarsa, məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.
Layihədə məlumatın sonradan doğru olmadığı müəyyənləşdiyi hallar üçün də xüsusi təminat nəzərdə tutulur.
Belə ki, şəxs məlumatı əhəmiyyətli yanılmanın təsiri altında veribsə, məlumat sonradan doğru olmadığı müəyyənləşsə belə, o, qanunla müəyyən edilən müdafiə tədbirlərindən istifadə edə biləcək.
Əhəmiyyətli yanılma dedikdə bir neçə hal nəzərdə tutulur. Şəxs məlumatın doğru və ya dəqiq olmadığını bilməyibsə və bunu bilməsi üçün obyektiv imkanı olmayıbsa, məlumatı qəsdən yalan və ya böhtan xarakterli formada verdiyi təsdiqlənməyibsə, yaxud korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətlərini və faktiki hallarını tam və düzgün dərk etməyibsə, məlumatın əhəmiyyətli yanılmanın təsiri altında verildiyi hesab ediləcək.
Bundan başqa, təşkilat rəhbərinin üzərinə də müəyyən vəzifələr qoyulur.
Təşkilat rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların təşkilat daxilində verilməsi mexanizmini müəyyən etməli, bu məlumatları qəbul etmək səlahiyyətinə malik subyektləri təyin etməlidir.
Eyni zamanda, rəhbər işçilərin həmin subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciət etmə və müraciətlərə baxılma qaydaları, habelə məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidir.
Günay Şahmar, Bizim.Media