Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

44 günlük müharibənin sonunda təkcə ərazi bütövlüyümüz və suveren hüquqlarımız bərpa olunmadı, həm də Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi üçün yeni imkanlar qazanıldı.

Nəzərə alaq ki, 20 faiz torpaqlarımız 30 il işğal altında qaldığı üçün həmin sahələr dövriyyədən kənarda idi. Amma indi vəziyyət 180 dərəcə dəyişib.

Bu mənada işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı yalnız iqtisadi layihə deyil, həm də Böyük Qayıdışın dayanıqlı iqtisadi dayaqlarından biridir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması yalnız şəhərlərin, kəndlərin, yolların və kommunikasiyaların bərpası ilə məhdudlaşmır. Qarşıda daha böyük və strateji vəzifə dayanır:

Uzun illər iqtisadi dövriyyədən kənarda qalmış torpaqların ölkənin iqtisadi sisteminə tam inteqrasiyası.

Unutmayaq ki, torpaq yalnız ərazi deyil. Torpaq həm də məşğulluq, gəlir, ərzaq təhlükəsizliyi, ixrac və sosial sabitlik deməkdir. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının müasir əsaslarla qurulması Böyük Qayıdışın iqtisadi məzmununu müəyyən edən əsas istiqamətlərdən biri olacaq.

Hazırda azad edilmiş ərazilərin bərpasına yatırılan investisiyaların miqyası da bu prosesin nə qədər geniş olduğunu göstərir. 2026-cı ilin məlumatına görə, dövlət büdcəsindən azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb, bütün maliyyə mənbələri nəzərə alınmaqla ümumi investisiya həcmi 17 milyard dollara yaxınlaşıb. Həmin ərazilərdə artıq təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır.

Böyük potensial, yeni yanaşma

Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üçün mühüm təbii və coğrafi imkanlar mövcuddur. Ərazilərin bir hissəsi taxılçılıq, digər hissələri heyvandarlıq, meyvəçilik, üzümçülük, arıçılıq və digər istiqamətlər üçün əlverişlidir.

Xüsusilə dağlıq və dağətəyi ərazilərin yaylaq təsərrüfatı üçün imkanları böyükdür. Artıq bu istiqamətdə praktik addımlar atılır. Rəsmi məlumatlara görə, 2025-ci ildə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər ərazilərinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə imkan yaradılıb.

Bu proses işğaldan azad edilmiş ərazilərin mərhələli şəkildə real iqtisadi dövriyyəyə qaytarıldığını göstərir.

Su məsələsində yeni mərhələ

Aqrar inkişafın ən mühüm şərtlərindən biri sudur. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatları bu baxımdan ciddi üstünlük yaradır.

2026-cı ilin mayında keçirilən müşavirədə bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın su ehtiyatlarının təxminən 25 faizi formalaşır. Həmin ərazilərdə Köndələnçay su anbarları kaskadı, Xaçınçay, Suqovuşan və Zabuxçay kimi layihələr üzrə işlər görülüb, Sərsəng su anbarının yenidən qurulması, Bərgüşadçay və Həkəriçay su anbarlarının yaradılması istiqamətində işlər aparılır.

Daha mühüm məqam isə ondan ibarətdir ki, bu su infrastrukturu yalnız Qarabağın deyil, ölkənin digər bölgələrinin də su təminatına təsir göstərə bilər. Rəsmi məlumatda qeyd edilir ki, aparılan layihələr nəticəsində 100 min hektardan çox yeni ərazinin suvarmaya cəlb edilməsi, təxminən 500 min hektarda isə suvarma sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.

Deməli, Qarabağda su siyasəti yalnız regional deyil, ümummilli aqrar inkişaf məsələsidir.

Əsas məqsəd çox torpaq deyil, yüksək məhsuldarlıqdır

Burada Azərbaycanın kənd təsərrüfatı siyasəti üçün mühüm bir prinsip ortaya çıxır. Məqsəd sadəcə daha çox torpağı əkin dövriyyəsinə qaytarmaq deyil, həmin torpaqlardan daha yüksək iqtisadi nəticə əldə etməkdir.

Müasir suvarma sistemləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2026-cı il üçün işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemi ilə təmin olunan əsas əkinlər üzrə subsidiya əmsalı 1,35, subsidiya məbləği isə 270 manat müəyyən edilib. Suvarma sistemi olmayan əkinlər üçün isə əmsal 0,25 və subsidiya 50 manatdır.

Bu fərq dövlət siyasətinin istiqamətini açıq göstərir. Yəni müasir texnologiyaya keçən fermer daha çox dəstəklənir. Bu yanaşma gələcəkdə Qarabağ kənd təsərrüfatının əsas xüsusiyyətlərindən birini təşkil edəcək.

Qarabağda intensiv bağçılıq üçün böyük imkan var

Regionun gələcək aqrar ixtisaslaşmasında bağçılığın xüsusi yeri ola bilər. 2026-cı il üzrə subsidiyalar çərçivəsində işğaldan azad edilmiş ərazilərdə intensiv və super-intensiv bağçılıq ayrıca təşviq edilir. Məsələn, Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilanda müəyyən yüksəkliklərdə salınan intensiv şabalıd bağlarına hər hektara görə 3250 manat subsidiya nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun 550–1000 metr yüksəkliklərində müəyyən şərtlərlə salınan super-intensiv gilas bağlarına isə hektara 16 250 manat subsidiya müəyyənləşdirilib.

Bu rəqəmlər təsadüfi deyil...

Onlar dövlətin bölgədə ənənəvi əkinçilikdən daha məhsuldar, texnoloji və bazaryönümlü kənd təsərrüfatına keçidi stimullaşdırdığını göstərir. Qarabağ kənd təsərrüfatının tarixi potensialı nəzərə alınanda üzümçülük xüsusi diqqət tələb edir.

Regionun üzümçülük ənənələrinin bərpası yalnız kənd təsərrüfatı layihəsi kimi qiymətləndirilməməlidir. Üzümçülük onun ətrafında şərabçılıq, qablaşdırma, logistika, turizm və xidmət sektorunun inkişafına da imkan yaradır.

Aqrar Subsidiya Şurasının qərarlarında Qarabağ və Şərqi Zəngəzurda müəyyən şərtlərə cavab verən üzüm bağlarının salınmasına hektara 8000 manat əkin subsidiyası nəzərdə tutulması da bu sahənin təşviq edildiyini göstərir.

Beləliklə, gələcəkdə Qarabağda üzümçülük yalnız məhsul istehsalı deyil, bütöv aqro-sənaye və turizm zəncirinin əsas elementlərindən birinə çevrilmək potensialına malikdir.

Fermer üçün torpaq, dövlət üçün iqtisadi sistem

Bölgədə kənd təsərrüfatının uğurlu inkişafı üçün dövlətin yaratdığı infrastruktur kifayət etmir. Əsas məsələ bu infrastrukturu işlədəcək sahibkar və fermerlərin formalaşdırılmasıdır.

Bu baxımdan azad edilmiş ərazilərdə kənd və qəsəbə sakinlərinə kənd təsərrüfatı təyinatlı torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi mühüm addımdır. 2026-cı il üzrə qaydalara əsasən, azad edilmiş kənd və qəsəbələrdə yaşayan sakinlərə verilmiş torpaqlarda birillik bitkilər və yonca üzrə əkin subsidiyasının 50 faiz artırılması nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsi, xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Həmin Dövlət Proqramında işğaldan azad olunmuş ərazilərin aqrar potensialının səmərəli istifadəsi, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı modelinin tətbiqi və yüksək əlavə dəyər yaradan istehsalın təşkili prioritet istiqamətlər kimi nəzərdə tutulub.

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib ki, Ağdam, Əsgəran və Xocalı rayonlarında 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir:

"Bu rayonlarda 50 min hektardan çox əkinəyararlı torpaq sahəsinin 24 min hektarı hələ dövriyyəyə cəlb olunmayıb, yəni istifadə üçün hazırdır. Buradan üzümü bütün sahibkarlara tuturam, gəlin, torpaq da var, infrastruktur da var, dövlətin dəstəyi də var. Yetər ki, siz bunu istəyəsiniz, buna inanasınız və indiyə qədər göstərdiyiniz fəaliyyəti kənd təsərrüfatında, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki aqrar sektorda sərgiləyəsiniz. Bu ərazilərdə sahibkarlıq xüsusi önəm kəsb edir, mənfəətlə yanaşı həm də şərəf məsələsidir, torpaqların dirçəlməsidir".

Çağırışın sosial əhəmiyyəti

Bu siyasətin sosial əhəmiyyəti çox böyükdür. Çünki Böyük Qayıdış yalnız evlərin tikilməsi ilə tamamlanmır. Keçmiş məcburi köçkünlər doğma kəndinə qayıdıb orada işləməli, gəlir əldə etməli və öz təsərrüfatını qurmalıdırlar.

Mina və partlamamış hərbi sursat problemi kənd təsərrüfatının geniş ərazilərdə sürətlə inkişaf etdirilməsini məhdudlaşdıran əsas amillərdən biridir. Buna görə kənd təsərrüfatı dövriyyəsinə yeni torpaqların cəlb edilməsi mina təhlükəsizliyi və torpaqların təmizlənməsi prosesi ilə paralel aparılmalıdır.

Qeyd etməliyik ki, Dövlət Proqramı çərçivəsində iri aqroparkların yaradılması, müasir heyvandarlıq komplekslərinin qurulması, meyvəçilik, üzümçülük və digər ixtisaslaşmış təsərrüfat sahələrinin inkişafı xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması, logistika və saxlama infrastrukturunun inkişafı da əsas hədəflər sırasındadır.

Dövlət Proqramında balıqçılıq və akvakultura sahəsinin inkişafı da mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Bu isə su ehtiyatları zəngin olan ərazilərdə yeni təsərrüfatların yaradılması və ixrac potensialının artırılması üçün geniş imkanlar açır. Bununla yanaşı, istehsal olunan məhsulların brendləşdirilməsi, coğrafi mənşə göstəricilərinin formalaşdırılması və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də proqramda nəzərdə tutulan əsas məsələlərdəndir.

Təbii ki, Dövlət Proqramında müəyyən edilmiş bu istiqamətlərin ardıcıl və sistemli şəkildə icrası işğaldan azad olunmuş ərazilərin sürətli bərpasına, yeni iş yerlərinin yaradılmasına və ölkəmizin qeyri-neft sektorunun davamlı inkişafına mühüm töhfə verəcək.

Hədəf ixracatı 6 milyard manata çatdırmaqdır

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Vüqar Bayramov deyib ki, işğaldan azad olunmuş ərazilərimizin aqrar potensialı kifayət qədər böyükdür:

“Ona görə də bu ərazilərdə kənd təsərrüfatının inkişafı hökümətin prioritetlərindən biridir. Artıq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı iri miqyaslı işlər görülür.

Gözləntilər ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizdə aqrar sektorun inkişafı kənd təsərrüfatı məhsullarının istehsalının kəskin şəkildə artırılmasına gətirib çıxaracaq. Bu da növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimallaşdırılmasına əsas yaradacaq. Çünki daha çox təklif qiymətlərin optimallaşdırılmasına əsas verir. Ona görə də mövcud potensialdan istifadə Azərbaycanın daxili tələbatın ödənilməsinə, eləcə də kənd təsərrüfatı məhsullarının ixracına şərait yaradacaq.

Nəzərə alaq ki, yeni Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalını 4 dəfə artırmaq, ixracatı isə 6 milyard manata çatdırılması nəzərdə tutulur”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

End of content

No more pages to load

RADİO