Ermənistanda 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan yeni çağırış parlamentin ilk iclası avqustun 2-də İrəvanda keçirilir.
Bizim.Media xəbər verir ki, iclas yeni parlamentin rəhbər orqanlarının formalaşdırılmasına həsr olunub.
Parlament sədri seçilənədək iclasa parlamentin ən yaşlı deputatı Knyaz Həsənov sədrlik edir.
Açılış çıxışlarından sonra deputatlar and içəcək. İlk iclasda iştirak etməyən və ya sonradan parlamentin tərkibinə daxil olacaq deputatlar isə növbəti iclaslarda and içəcəklər.
Bundan sonra Mərkəzi Seçki Komissiyasının protokolu əsasında yeni çağırış parlamentin deputatlarının ümumi sayı elan ediləcək, parlamentdə təmsil olunan siyasi partiyalar və bloklar təqdim olunacaq, hər bir deputatın adı və soyadı, eləcə də onu irəli sürən siyasi qüvvənin adı oxunacaq. Daha sonra deputatların qeydiyyatı aparılacaq.
9-cu çağırış parlamentdə üç siyasi qüvvə təmsil olunur: hakim "Vətəndaş Müqaviləsi" Partiyası – 64 deputat, "Güclü Ermənistan" bloku – 29 deputat, "Ermənistan" bloku isə 12 deputat mandatı qazanıb.
Hesablama Komissiyası formalaşdırıldıqdan sonra parlament sədri seçiləcək. Ardınca spikerin üç müavini, onlardan biri müxalifəti təmsil etməklə, müəyyənləşdiriləcək. Gündəliyə həmçinin daimi parlament komissiyalarının yaradılması və onların sədrlərinin seçilməsi daxildir.
Komissiyalardakı rəhbər vəzifələr mandatların sayına uyğun olaraq D’Hondt sistemi əsasında bölüşdürüləcək.
Bu gün parlamentdə mütləq çoxluğa sahib olan partiyanın lideri Nikol Paşinyan yenidən baş nazir vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, Knyaz Həsənov Ermənistanda yaşayan yezidi icmasının tanınmış nümayəndələrindən biridir. O, 1945-ci il yanvarın 17-də Ermənistanın Kotayk vilayətinin Astxaberd kəndində anadan olub. 2007-ci ildən etibarən yezidi icmasının aylıq nəşri olan "Zaqros" qəzetinin baş redaktorudur.
Yeri gəlmişkən, o, daima Azərbaycan və Türkiyə əleyhinə sərt açıqlamalarla çıxış edir.

Bizim.Media