Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin iyun ayında fiziki şəxslərin müddətli əmanətləri 1,2 faiz və ya 129,6 milyon manat artıb.
Fiziki şəxslərin əmanətlərinin 71,6 faizi (12 milyard 476.1 milyon manat) milli valyutada, 28,4 faizi (4 milyard 952.4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 65,1 faizi (11 milyard 344.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Bu ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,1 faiz (4485 əmanətçi), ilin əvvəlindən isə 13,6 faiz (26 min 475 əmanətçi) artaraq 220,6 min nəfər təşkil edib.
Göründüyü kimi əmanətçilərin artım tempi zəifləyib.
Bu azalmanın qarşısını almaq üçün banklar müxtəlif layihələr həyata keçirir. Onlardan biri də yerləşdirilən əmanətlərə ödənilən illik faizlərin artırılmasıdır.
Əgər əvvəllər banklar milli valyutada yerləşdirilən əmanətlərə 10 faiz gəlir vəd edirdilərsə, hazırda bu 12 faizə qədər artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib.
Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, insanları banklara əmanət qoymağa təşviq etmək normaldır:
“Nəzərə alaq ki, əmanətçiləri banklarla bağlı 2 sual daha çox məşğul edir. Birincisi, bankın etibarlılığı və maliyyə cəhətdən dayanaqlılığı. İkincisi isə təklif olunan faiz dərəcəsi. Etibarlılıq baxımından onu deyə bilərik ki, Azərbaycanda bir vətəndaşın bir bankda 100 min manata qədər yerlədirdiyi əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.Bir şərtlə ki, yerləşdirilən əmanətə tətbiq olunan faiz dərəcəsi illik 12 faizdən yuxarı olmasın.
Xarici valyutadakı əmanətlər 2,5 faizlə yerləşdirilməlidir. Belə olan təqdirdə istənilən banka yerləşdirilən əmanətləri heç bir təhlükə gözləmir. Ona görə də əhali hansı bank daha çox faiz təklif edirsə, ora üz tutur. Bu mənada bankların əmanətlərə təklif olunan faiz dərəcələrinin artırılması taktiki baxımdan doğrudur”.
Surxay Atakişiyev, Bizim.Media