Bağırsaq xərçəngi olan xəstələrin qanında B12 vitamininin yüksək səviyyədə olması xəstəliyin daha mənfi gedişatı ilə əlaqələndirilir. Lakin söhbət xəstəliyin səbəbindən deyil, onun nəticəsindən gedir: aqressiv şişlər sürətlə böyümək üçün bu vitamini aktiv şəkildə "mənimsəyirlər".
Bizim.Media xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Cancer Research Communications" jurnalında dərc olunub.
Tədqiqatçılar dünya üzrə 108 səhiyyə sistemindən olan 37 mindən çox yoğun bağırsaq xərçəngi xəstəsinin göstəricilərini təhlil ediblər. Məlum olub ki, qanında B12 vitamininin səviyyəsi 1 millilitrdə 1000 pikoqramdan yüksək olan şəxslərin orta yaşama müddəti 5 il təşkil etdiyi halda, normada olan xəstələrdə bu göstərici 11 il olub.
Alimlərin hesablamalarına görə, B12 səviyyəsi yüksək olan xəstələrdə ölüm riski təxminən iki dəfə çox olub. Şişlərdə MTR geninin yüksək aktivliyi aşkar edilib ki, bu da daha aqressiv xərçəng növlərinin öz inkişafı üçün vitamindən daha səmərəli istifadə etdiyini göstərir. B12 hüceyrə bölünməsində və DNT sintezində iştirak edir, sürətlə böyüyən şişlərə isə bu proses xüsusilə vacibdir.
Mütəxəssislər vurğulayırlar ki, qandakı B12 səviyyəsi qida və ya əlavələrlə orqanizmə daxil olan vitamin miqdarı ilə eyni şey deyil. Bu səbəbdən nəticələr rasiondakı B12-nin zərərli olduğu və həkim təyinatı olmadan ondan imtina edilməli olduğu mənasına gəlmir. Sağlam insanlarda bu vitamin əsəb sisteminin və qanyaranma prosesinin normal fəaliyyəti üçün vacibdir, onun çatışmazlığı da artıqlığı qədər təhlükəlidir.
Oxşar qanunauyğunluqlar — B12-nin yüksək səviyyəsinin daha pis nəticələrlə əlaqələndirilməsi — əvvəllər digər xərçəng növlərində də müşahidə edilib. Müəlliflərin sözlərinə görə, bu göstərici xəstəliyin gedişatını qiymətləndirmək üçün əlavə marker kimi istifadə oluna bilər, lakin onun rolu hələ dəqiqləşdirilməlidir.
Bizim.Media