Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Müharibə uzandıqca Rusiyanın Ukrayna xalqına qarşı addımları daha da radikallaşır. Belə ki, Rusiya tərəfindən hərbi əməliyyatlarla yanaşı, mülki əhalinin hədəfə alınması, yaşayış binalarının dağıdılması, işğal olunmuş ərazilərdə Ukrayna milli kimliyinin sıxışdırılması və insanların zorla deportasiyası mütəmadi hala çevrilib.
 

Son aylarda bu mənzərə daha da ağırlaşıb. BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyasının məlumatına görə, 2026-cı ilin iyulunda Ukraynada Rusiyanın hücumları nəticəsində azı 437 mülki şəxs öldürülüb, 2 610 nəfər yaralanıb. Bu, 2022-ci ilin martından bəri qeydə alınan ən yüksək aylıq mülki itki göstəricisidir. Kiyev də ən ağır zərər çəkən şəhərlərdən biri olub: iyul ayında şəhərdə 54 mülki şəxs həlak olub, 202 nəfər yaralanıb.


Avqustda da hücumların intensivliyi səngiməyib. Avqustun 4-dən 5-nə keçən gecə Kiyev və ətrafına ballistik raketlər və uzaqmənzilli dronlarla edilən hücumda 17 mülki şəxs öldürülüb. Dünən isə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 16 nəfər həlak olub, 130-a yaxın insan yaralanıb. Onların arasında uşaqlar da var.

Şəhərləri qorxu altında saxlamaq taktikası

Müharibənin mahiyyətini yalnız ayrı-ayrı raket zərbələri ilə deyil, onların yaratdığı davamlı qorxu ilə də ölçmək lazımdır. Yaşayış binalarının, ictimai məkanların, enerji və nəqliyyat sistemlərinin dağıdılması insanlara yalnız fiziki zərər vurmur, həm də gündəlik həyatı da iflic edir.
 

BMT-nin məlumatları göstərir ki, 2026-cı ilin ilk yarısında uzaqmənzilli raket və dronlar mülki itkilərin əsas səbəblərindən biri olub və zərərçəkənlərin böyük hissəsi cəbhədən uzaqdakı şəhərlərdə qeydə alınıb. Eyni zamanda Rusiya enerji infrastrukturuna zərbələri davam etdirib. 2025–2026-cı ilin qışında enerji sistemlərinə təkrarlanan hücumlar istilik, elektrik və digər əsas xidmətlərin təminatına ciddi təsir göstərib.


Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşımda Rusiyanın enerji infrastrukturuna hücumlarını “ballistik terror” adlandırıb. Ekspertlər Rusiyanın addımlarını mülki əhalinin iradəsini qırmağa yönəlmiş terror strategiyası kimi qiymətləndirirlər. Beynəlxalq humanitar hüquq mülki şəxslərin və hərbi məqsəd olmayan obyektlərin qəsdən hədəfə alınmasını qadağan edir. Bu cür halların sistematik xarakter alması isə klassik faşist müharibə üsullarını xatırladır.

Qurbana çevrilən uşaqlar və “filtrasiya düşərgələri”

Rusiyanın işğal olunmuş ərazilərdən ukraynalı uşaqları deportasiya etmək siyasəti bu müharibənin ən ağrılı tərəflərindən biridir. Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Vladimir Putin barəsində ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı həbs orderi verib. BMT-nin Soyqırım Konvensiyasının II maddəsində bu cür hallar soyqırımı aktı kimi qiymətləndirilir.
 

İşğal olunmuş ərazilərdə zorakılıq yalnız cəbhə xəttində baş vermir. “Filtrasiya” prosesi çərçivəsində ukraynalı mülki şəxslər sorğu-suala çəkilib, telefonları və şəxsi əşyaları yoxlanılıb, biometrik məlumatları götürülüb, bəzən isə uzunmüddətli saxlanmaya məruz qalıblar. BMT-nin hesabatlarında Donetsk, Xerson, Luqansk və Zaporojye ərazilərində belə proseslər, o cümlədən “filtrasiya düşərgələri” adlandırılan obyektlər sənədləşdirilib.


Məsələnin ən acı tərəfi isə prosesin işğal olunmuş bölgələrdəki əhalinin ruslaşdırılmasına yönəlmiş məcburedici mexanizmlərlə müşayiət olunmasıdır. BMT 2026-cı ildə işğal olunmuş ərazilərdə Rusiya vətəndaşlığının qəbuluna təzyiq, məcburi hərbi xidmət, fundamental hüquqların məhdudlaşdırılması və insanların zorla köçürülməsi hallarını sənədləşdirib. Ukrayna dilinin təhsil sistemindən sıxışdırılması və uşaqların Rusiya dövlət narrativləri ilə tərbiyəsi də bu siyasətin mühüm hissəsidir.

Soyqırım, faşizm və hüquqi məsuliyyət

Ukraynada baş verənləri “müharibə cinayətləri” kimi təqdim etmək belə yumşaq səslənir. Çünki burada müzakirə mövzusu ayrı-ayrı cinayətlərdən daha geniş və daha təhlükəli bir siyasət - soyqırımıdır. Beynəlxalq hüquqa əsasən, bir milli və ya etnik qrupa mənsub mülki əhalinin kütləvi şəkildə öldürülməsi, uşaqların işğal olunmuş ərazilərdən zorla deportasiyası soyqırımı hesab edilir.
 

Təəssüf ki, bu mənzərə Ukrayna xalqına yad deyil. Onlar bənzər aqibəti II Dünya Müharibəsində Hitler Almaniyasının işğalı dövründə də yaşayıblar. Faşist məntiqinin əsas xüsusiyyətlərindən biri insanı fərd kimi deyil, kollektiv kimliyinə görə qiymətləndirmək və müəyyən xalqı düşmən, təhlükə və ya “tarixi səhv” kimi təqdim etməkdir.


Rusiya rəsmilərinin, Kremlin ruporlarının geniş şəkildə tirajladığı ukraynalıların ayrıca xalq və siyasi millət kimi mövcudluğunu inkar edən “bir xalq” ideologiyası da məhz belə təhlükəli məntiqin siyasi ifadəsidir. Putin müharibə dövründə bənzər ritorikada çıxış edərək, açıq şəkildə ruslarla ukraynalıların bir xalq kimi təqdim edib, buna görə də “bütün Ukrayna Rusiyanındır” - deyə bildirib.

Bir tərəfdən “vahid xalq” deyib, digər tərəfdən həmin xalqın şəhərlərini bombalamaq, uşaqlarını ailələrində oğurlamaq və işğal olunmuş ərazilərdə milli kimliyini sıxışdırmaq siyasi ekspertlər tərəfindən imperiya zorakılığının dili kimi qiymətləndirilir.

Kremlin üzərində Stalinizmin kölgəsi

Putin rejimi hər nə qədər siyasi görüş, ideologiya baxımından Stalin rejimindən fərqli görünsə də, iki sistem arasında ciddi siyasi paralellər var.
 

Alman tarixçisi Klaudia Veber “Ukrinform”a açıqlamasında, Putinin Ukraynaya qarşı müharibəni əsaslandırmaq üçün istifadə etdiyi arqumentlərin Stalinin 1939-cu ildə Polşaya müdaxiləni əsaslandırarkən istifadə etdiyi arqumentlərə bənzədiyini deyib.


Stalinist sistem üçün insan həyatı dövlətin müəyyən etdiyi “tarixi məqsəd” qarşısında ikinci dərəcəli idi. Xalqlar deportasiya edilir, milyonlarla insan repressiyaya məruz qalır, milli elitalar məhv edilir, dil və mədəniyyət dövlət nəzarətinə alınırdı. Zorakılıq isə “təhlükəsizlik”, “azad etmə”, “xalq düşmənləri ilə mübarizə” və “tarixi ədalətin bərpası” kimi ifadələrlə legitimləşdirilirdi.

Kreml təbliğatında müharibə “Rus dünyasının müdafiəsi”, Ukraynanın guya Rusiyanın tarixi torpaqlarının bir hissəsi, ukraynalılar isə “neonasist” damğası ilə düşmən kimi təqdim olunur.  

Tarixin dərsi

Göründüyü kimi, Ukraynada baş verənlər Rusiyanın imperiya iddiasının XXI əsrdə hərbi güclə həyata keçirilməsinin nümunəsidir. Burada əsas hədəf yalnız Ukraynanın ərazisi deyil; Ukraynanın müstəqil dövlət kimi, ukraynalıların ayrıca xalq kimi mövcudluğudur.

 

Tarixin ən böyük səhvlərindən biri təcavüzkarın özünü “azad edən”, işğal etdiyi xalqı isə “xilas edilməli insanlar” kimi təqdim etməsinə inanmaq olub. Bu gün də eyni ritorikanın təkrarlanmasına göz yummaq yalnız Ukraynaya qarşı deyil, beynəlxalq hüququn özünə qarşı təhlükədir.


Əgər bir dövlət başqa xalqın mövcudluğunu şübhə altına alır, onun şəhərlərini dağıdır, uşaqlarını oğurlayır, işğal etdiyi ərazilərdə əhalinin milli kimliyini dəyişdirməyə çalışır və bütün bunları “tarixi ədalət” adı ilə əsaslandırırsa, bunu sadəcə müharibə kimi təqdim etmək heç bir halda insanlığa sığa bilməz.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

End of content

No more pages to load

RADİO