Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskini Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin taleyinin gözlədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, Medvedev "Yujnaya Osetiya" qəzetinə verdiyi müsahibədə bu barədə danışıb.
O, Ukrayna liderinin nə öz vətəndaşlarına, nə də Qərbə lazım olacağını, cinayətlərinə görə isə onu beynəlxalq tribunalın gözlədiyini vurğulayıb. Medvedev Qərbin 2008-ci ildə Cənubi Osetiya və Abxaziyada baş verən hadisələrdən dərs çıxarmalı olduğunu bildirib.
"Qərbin öyrənməli olduğu əsas dərs Rusiya ilə müharibə etməməkdir. Tariximizdə bu cür cəhdlər çox olub. Nəticə isə hər dəfə eyni olub: rus ruhunun və silahımızın qalibiyyəti, işğalçıların rüsvayçı qaçışı", – deyə Rusiya rəsmisi qeyd edib.
Medvedevin sözlərinə görə, milli məsələni qızışdırmaq da mənasızdır, çünki bu, həmişə təxribatçıların özləri üçün ağrılı və bərpaolunmaz fəsadlara gətirib çıxarır.
Medvedev Zelenskinin taleyini Saakaşvili ilə müqayisə edərək əlavə edib:
"O indi haradadır, başına nə gəldi? Əminəm ki, yaxın zamanlarda “Kiyev rejimi”nin başçısını da az kədərli tale gözləmir. O, nə öz vətəndaşlarına, nə də Qərb havadarlarına lazım olacaq. Yaşaya bilsə, cinayətlərinə görə beynəlxalq tribunal, "Nürnberq 2.0" qarşısında cavab verəcək".
Bizim.Media