Alimlər alkoqolun sağlamlığa təsirinin yalnız qəbul edilən miqdardan deyil, içkinin növündən də asılı ola biləcəyini müəyyənləşdiriblər.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın UK Biobank layihəsində iştirak edən 340 mindən çox insanın məlumatları təhlil olunub. İştirakçılar orta hesabla 13 ildən artıq müddətdə müşahidə ediliblər.
Tədqiqat zamanı müxtəlif alkoqollu içkilərin ümumi ölüm, xərçəng və ürək-damar xəstəliklərindən ölüm riskinə təsiri müqayisə edilib. Araşdırmada bir standart porsiya təxminən 14 qram təmiz spirt kimi qəbul olunub. Bu miqdar təxminən 350 ml pivə, 150 ml şərab və ya 45 ml tünd spirtli içkiyə bərabərdir.

Nəticələr göstərib ki, yüksək miqdarda alkoqol qəbul edən şəxslərdə hər hansı səbəbdən ölüm riski alkoqolu çox az qəbul edənlərlə müqayisədə 24 faiz yüksək olub. Xərçəngdən ölüm riski 36 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 14 faiz artıb.
Orta səviyyədə alkoqol qəbul edənlər arasında isə içkinin növünə görə fərqlər müşahidə olunub. Pivə, sidr və tünd spirtli içkilərin az miqdarda istehlakı ürək-damar xəstəliklərindən ölüm riskinin təxminən 9 faiz artması ilə əlaqələndirilib.
Eyni miqdarda şərab istehlakında isə ürək-damar xəstəliklərindən ölüm riski ilə bağlı daha aşağı statistik göstərici qeydə alınıb. Bununla belə, tədqiqatçılar xəbərdarlıq ediblər ki, bu nəticələr şərabın sağlamlıq üçün faydalı olduğunu göstərmir. Araşdırma müşahidə xarakterlidir və nəticələr hələ ekspert rəyi mərhələsindən keçməyib.
Alimlər həmçinin qeyd ediblər ki, tədqiqat konkret alkoqollu içkinin ölüm riskinin birbaşa səbəbi olduğunu sübut etmir.
Bizim.Media