Mehdiabad-Diğah–Məmmədli avtomobil yolunun Məmmədli qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, yolun asfalt-beton örtüyünün əsaslı təmirinin həyata keçirilməsi məqsədilə ilk növbədə ətraf ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlər görülməlidir.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub, eyni zamanda təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirib.
"Bu baxımdan, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl aidiyyəti qurum tərəfindən səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sisteminin və suötürücü xətlərin inşası zəruri şərt kimi qiymətləndirilir. Qeyd olunan məsələnin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən aidiyyəti quruma müraciət edilmişdir. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər", - AAYDA-nın məlumatında qeyd olunub.
Bizim.Media