Hər il yenilənən test kitabları və imtahan bankları valideynlərin xərclərini artırır. Xüsusilə iki və daha çox məktəbli övladı olan ailələr böyük uşaqlar üçün alınmış vəsaitlərdən sonrakı illərdə kiçik övladları üçün istifadə etməkdə çətinlik çəkirlər.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “modern.az”a danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, böyük övlad üçün alınan test kitabının növbəti il kiçik övlad üçün istifadəyə yararsız hesab olunması ailələri eyni vəsaiti yenidən almağa məcbur edir.
Deputat qeyd edib ki, test vəsaitlərinin yenilənməsinin müəyyən pedaqoji əsasları ola bilər.
“Tədris proqramında, imtahan modelində və sualların məzmununda dəyişikliklər, mövzuların ardıcıllığının yenilənməsi yeni nəşrin hazırlanmasını zəruri edə bilər. Lakin burada əsas məsələ kitabın hər il yenilənməsi deyil, bu yenilənmənin nə qədər əsaslı olmasıdır.
Əgər dəyişiklik yalnız sualların yerinin dəyişdirilməsi, bir neçə yeni tapşırığın əlavə edilməsi və ya dizaynın yenilənməsi ilə məhdudlaşırsa, bunu tamamilə yeni vəsait kimi təqdim etmək valideynlər üçün əlavə xərc yaradır”, - deyə deputat vurğulayıb.
E.Akimova bildirib ki, test kitablarından yalnız şagirdlər deyil, müəllimlər də dərs və ev tapşırıqları zamanı əlavə vəsait kimi istifadə edirlər.
Onun sözlərinə görə, müəllimlər test banklarından mövzuların möhkəmləndirilməsi, şagirdlərin biliklərinin yoxlanılması və imtahan formatına uyğun tapşırıqların seçilməsi məqsədilə yararlanırlar. Buna görə də nəşrlərdə aparılan dəyişikliklərin real pedaqoji əsasa söykənməsi vacibdir.
Deputat hesab edir ki, test vəsaitlərinin yenilənməsi prosesində daha şəffaf yanaşma tətbiq olunmalıdır.
“Yeni nəşr əvvəlki kitabdan ciddi şəkildə fərqlənirsə, hansı mövzuların, standartların və sual modellərinin dəyişdiyi açıq şəkildə göstərilməlidir. Valideyn bilməlidir ki, yeni kitabı almaq həqiqətən zəruridir, yoxsa sadəcə nəşrin yeni ili və ya fərqli dizaynı üçün pul ödəyir”, - E.Akimova deyib.
Deputatın fikrincə, problem yalnız bir test kitabının qiyməti ilə məhdudlaşmır:
“Bir ailədə bir neçə uşaq oxuyursa və hər il müxtəlif fənlər üzrə yeni test vəsaitləri alınırsa, bu xərclər ciddi məbləğə çevrilə bilər. Təhsildə keyfiyyətin yüksəldilməsi yeni vəsaitlərin hazırlanmasını tələb edə bilər, amma bu proses ailələrin iqtisadi yükü nəzərə alınmaqla təşkil edilməlidir”.
E.Akimova əlavə edib ki, əsas sual test kitablarının niyə hər il dəyişməsi deyil, edilən dəyişikliklərin nə dərəcədə zəruri olmasıdır.
“Əgər test bankının məzmununda ciddi yenilik yoxdursa, əvvəlki nəşrdən istifadə imkanının saxlanılması, yaxud yeni və əvvəlki nəşrlər arasındakı fərqlərin açıq şəkildə göstərilməsi daha məntiqli yanaşma olardı. Bu, həm valideynlərin əlavə xərcini azaldar, həm də müəllim və şagirdlər üçün test vəsaitlərindən daha səmərəli istifadə imkanını qoruyar”.
Bizim.Media