Bir zamanlar Bakının hər küncündə görməyə alışdığımız kiçik "Turizm" lövhələri tədricən yoxa çıxır. Beləcə turizm sektoru qlobal sarsıntılar və dəyişən müştəri davranışları qarşısında ciddi transformasiya yaşayır. Məsələn, qonşu ölkələrdə turizm şirkətlərinin kütləvi bağlanması (34%-dən çox) buna əyani sübutdur. Bu tendensiya Azərbaycan bazarı üçün də müəyyən siqnallar verir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, səbəb formaların, yanaşmaların dəyişməsidir:
“Artıq rəqəmsallaşma dövrüdür. Bu gedişlə klassik turizm metodları ilə fəaliyyət göstərən şirkətlər öz fəaliyyətlərini dayandıracaqlar. İnsanlar artıq öz smartfonlarından, kompüterlərindən lazım olan turu seçə, aviabileti əldə edə bilər.
Beləliklə də klassik formadan imtina edilir. Artıq belə bir transformasiya var. Yeniliklər də öz növbəsində klassik turizm şirkətlərinə ehtiyacı azaldır”.
Surxay Atakişiyev, Bizim.Media