Dolğu prosedurları bəzi şəxslərə tövsiyə edilmir və müəyyən hallarda əks-göstəriş hesab olunur.
Estetik-plastik cərrah İlyas Axundzadə mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, dərisi çox həssas və infeksiyaya meyilli olan insanlara, o cümlədən hər hansı qazanılmış və ya anadangəlmə immun çatışmazlığı problemi olan şəxslərə dolğu prosedurlarının tətbiqi tövsiyə edilmir.
Həkimin sözlərinə görə, HİV xəstələri istisna təşkil edir.
"Belə şəxslərdə bəzən üzdə əmələ gələn xüsusi fəsadları gizlətmək məqsədilə polilaktik dolğudan istifadə oluna bilər (poli-L-laktik turşu (PLLA) əsaslı inyeksiya olan polilaktik dolğu klassik hialuron turşusu dolğusundan fərqli olaraq əsasən kollagenin yaranmasını stimullaşdıran biostimulyator preparatdır).
Həkim əlavə edib ki, üzdə və ya dolğunun vurulacağı nahiyədə iltihabi dəri xəstəlikləri, furunkulyoz, ekzema və digər bu kimi problemləri olan şəxslərə də dolğu vurulması əks-göstərişdir.
"Dolğu prosedurundan gözləntiləri qeyri-real olan, eləcə də ruhi xəstəlikləri olan şəxslərə dolğu proseduru edilməməlidir", - İlyas Axundzadə qeyd edib.
Fəridə, Bizim.Media