Bakının mərkəzi küçələrində artıq velosiped və skuter istifadəçiləri üçün yeni hərəkət marşrutu formalaşdırılır.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, layihə Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək.
Ümumi uzunluğu 2 kilometr olan yeni mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped yolu ilə əlaqələndiriləcək.
İki təkərli nəqliyyat istifadəçiləri deyirlər ki, bu zolaqların kəsintisiz olması təhlükəsizlik baxımından müsbət haldır.
Yaxın günlərdə yol nişanları və təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur. Məqsəd mikromobillik istifadəçiləri üçün fasiləsiz və təhlükəsiz hərəkət imkanının yaradılmasıdır.
Qeyd edək ki, mikromobillik infrastrukturunun inkişafı həm ekoloji, həm də gündəlik nəqliyyat yükünün azaldılması baxımından üstünlük yaradır.
Bizim.Media