Türkiyə ilə Azərbaycanı birləşdirən siyasi, tarixi və mənəvi bağlar nə qədər güclüdürsə, Türkiyədə baş verən ictimai-siyasi proseslərin Azərbaycana təsir imkanları da bir o qədər böyükdür. Bu təsir yalnız dövlətlərarası münasibətlər, iqtisadi əlaqələr və xarici siyasətlə məhdudlaşmır. Türkiyədə formalaşan dini-sosial şəbəkələr, təriqətlər və müxtəlif qapalı təşkilatlanmalar da müəyyən mərhələlərdə sərhədləri aşaraq Azərbaycana qədər gəlib çıxıblar.
Məhz buna görə Türkiyədə təriqətçilik məsələsinə yalnız Türkiyənin daxili problemi kimi yanaşmaq düzgün olmazdı. Çünki dünən hakimiyyətlə əməkdaşlıq edən, dövlət strukturlarına yaxın dayanan və cəmiyyətin müəyyən təbəqələrində nüfuz qazanan dini şəbəkə sabah siyasi kursunu dəyişə, dövlətlə qarşıdurmaya girə və hətta təhlükəsizlik problemi yarada bilər.
Azərbaycanın öz təcrübəsi bunun kifayət qədər ciddi nümunəsini ortaya qoyub.
FETÖ nümunəsi: “təhsil” adı ilə gələn təhlükə
Fətullah Gülən hərəkatının Türkiyədəki yüksəlişi və sonrakı süqutu bu baxımdan xüsusi dərsdir. Uzun illər ərzində Gülən şəbəkəsi Türkiyədə təhsil müəssisələri, media qurumları, biznes strukturları və müxtəlif ictimai təşkilatlar vasitəsilə geniş sosial baza formalaşdırmışdı. Şəbəkənin əsas gücü isə onun ayrı-ayrı dövlət institutlarında kadr potensialı yaratması və uzunmüddətli təşkilatlanma modelinə malik olması idi.
Bir vaxtlar Türkiyə siyasi hakimiyyətinin də bu strukturla əməkdaşlıq etdiyi, onun imkanlarından yararlandığı artıq heç kimə sirr deyil. Lakin sonradan münasibətlər kəskin şəkildə dəyişdi və Gülən şəbəkəsi dövlət üçün təhlükə kimi qiymətləndirilməyə başlandı.
2016-cı il 15 iyul çevriliş cəhdindən sonra isə proses geri dönüşü olmayan mərhələyə keçdi. Ankara FETÖ-nü dövlət daxilində paralel struktur yaratmaqda və çevriliş cəhdinin təşkilində ittiham etdi. Amma problem yalnız Türkiyənin sərhədləri daxilində deyildi. Çünki həmin şəbəkə illər ərzində Türkiyədən kənarda da kifayət qədər geniş infrastruktur yaratmışdı. Azərbaycan da həmin coğrafiyanın içərisində idi.
Qafqaz Universiteti və Azərbaycandakı şəbəkə
Bu baxımdan Qafqaz Universitetinin tarixçəsi xüsusi diqqət çəkir. 1993-cü ildə fəaliyyətə başlayan universitet sonrakı illərdə Gülən hərəkatı ilə əlaqələndirilən əsas təhsil strukturlarından birinə çevrilmişdi. Hətta 2016-cı ildə universitet bağlanarkən Anadolu Agentliyi onu Gülən şəbəkəsinin xaricdə yaratdığı ilk universitet kimi təqdim edirdi.
Qafqaz Universitetinin həmin illərdə Türkiyənin rəsmi dairələrində necə təqdim olunduğunu 2007-ci ildə baş verən hadisələr də göstərir.
Türkiyənin o vaxtkı prezidenti Abdullah Gül 2007-ci ilin noyabrında Bakıya səfəri çərçivəsində Qafqaz Universitetini ziyarət etdi. O, universitetin yeni tədris binalarının təməlqoyma mərasimində iştirak edib və artıq hazır olan binaların açılışını həyata keçirib. Gül həmin universiteti Azərbaycan-Türkiyə əməkdaşlığının nümunəsi kimi təqdim edib, onun regional əhəmiyyətindən danışıb. Bu detal FETÖ şəbəkəsinin genişlənməsinə Türkiyə hakimiyyətinin birbaşa dəstəyinin göstəricisidir.
2013-cü ildən sonra Türkiyədə Gülən hərəkatı ilə hakimiyyət arasındakı qarşıdurmanın dərinləşməsi bu şəbəkənin Azərbaycandakı fəaliyyətinə də təsir göstərdi. Ölkəmizdə “Nurçu” şəbəkəsini təmizlənmək üçün uzun müddət mübarizə aparıldı.
2014-cü ildə ölkəmizdə bu şəbəkəyə bağlı təhsil müəssisələrinin bir hissəsi bağlandı, sonrakı mərhələdə digər strukturların fəaliyyəti də məhdudlaşdırıldı. 2016-cı ildə Türkiyədəki çevriliş cəhdindən sonra isə Qafqaz Universitetinin fəaliyyəti tam dayandırıldı. Universitetin bağlanması ilə yanaşı, onun əməkdaşları ilə bağlı da tədbirlər görüldü.
Süleymançılar hadisəsi: tarix yenidən təkrarlanır?
Bu gün Türkiyədə FETÖ-yə münasibət bəllidir. Ancaq vaxtilə FETÖ şəbəkəsinə tanınan imtiyazlar sonradan başqa təriqətlərə verildi. Yəni ad dəyişdi, şəxslər dəyişdi, amma eyni təcrübə davam etdirildi. Bu baxımdan Türkiyədə son aylarda Süleymançılar kimi tanınan dini icma ətrafında baş verənlər xüsusilə diqqət çəkir.
Qeyd edək ki, Süleymançılar uzun illər ərzində Türkiyənin ictimai həyatında mövcud olan dini-sosial şəbəkələrdən biri kimi fəaliyyət göstərib. Onların əsas təşkilatlanma istiqamətləri arasında Quran kursları, tələbə yataqxanaları, fondlar, dərnəklər və müxtəlif biznes strukturları yer alır. Qrupun Türkiyədən kənarda, xüsusilə Avropada da təşkilati fəaliyyəti mövcuddur.
Lakin bu il Süleymançılar üçün də vəziyyət dəyişdi
Avqust ayında Ankara Baş Prokurorluğunun istintaqı çərçivəsində Süleymançıların lideri Alihan Kuriş də daxil olmaqla çoxsaylı şəxslər barədə həbs qərarları çıxarılıb. Əməliyyat 17 vilayəti əhatə edib. İstintaq çərçivəsində ittihamlar dini fəaliyyətə görə deyil, mütəşəkkil cinayət, maliyyə cinayətləri, çirkli pulların yuyulması, dövlət qurumlarının aldadılması və vergi qanunvericiliyinin pozulması kimi məsələlərlə bağlı irəli sürülüb.
Ardınca əməliyyatların növbəti dalğası reallaşdırılıb və 54 nəfər haqqında saxlanılma qərarı verilib, 11 şirkət və 3 dərnəyə qəyyum təyin olunub. Ümumilikdə, avqustun sonuna qədər istintaq çərçivəsində 81 nəfər həbs edilib.
Dünən tərəfdaş, bu gün təhlükə
Əsas məsələ heç də konkret olaraq Süleymançıların və ya başqa bir dini icmanın fəaliyyətinə qiymət vermək deyil. Əsas məsələ dövlətin qeyri-dövlət şəbəkələrinə münasibət prinsipidir.
Çünki tarix göstərir ki, hakimiyyət üçün faydalı görünən təşkilatlanma başqa bir siyasi mərhələdə ciddi problemə çevrilə bilər. Ona görə ki siyasi maraqlar dəyişir, beynəlxalq vəziyyət dəyişir, həmin struktur isə özünü qorumaq üçün ayrıca maliyyə, kadr və informasiya imkanlarına malik olursa, dövlət daxilində müstəqil güc mərkəzinə çevrilə bilir.
FETÖ-nün Türkiyədəki hekayəsi və bu gün Süleymançılarla bağlı aparılan genişmiqyaslı istintaq da göstərir ki, dini-sosial şəbəkələrin uzun müddət ərzində topladığı təşkilati və iqtisadi imkanlar dövlətlə münasibətlər pozulduğu zaman ciddi problemlər ortaya çıxır.
Məsələ Süleymançılarla bitmir...
Bu gün Türkiyədə kifayət qədər gücə, nüfuzə və üzv sayına malik təriqətlər yenə də fəaliyyətlərinə davam edirlər:
Nəqşibəndiyyə – Türkiyədə ən geniş yayılmış və tarixi-siyasi baxımdan ən təsirli sufi ənənələrindən biridir. Xüsusilə Nəqşibəndi-Xalidiyyə qolu mühüm rol oynayır. Müxtəlif qolları və şeyxləri mövcuddur.
Menzil camaatı – Nəqşibəndi-Xalidiyyə ənənəsinin Türkiyədəki ən böyük qollarından biri olub. Adını Adıyamanın Kahta rayonundakı Menzil kəndindən götürür. Son illərdə icma daxilində ciddi parçalanmalar baş versə də, təriqətin siyasi və iqtisadi gücü kifayət qədər böyükdür.
İsmailağa camaatı – Nəqşibəndi-Xalidiyyə ənənəsinin İstanbul mərkəzli qollarından biridir. Mahmud Ustaosmanoğlu dövründə xüsusilə tanınıb. Cübbə, saqqal və ənənəvi dini geyimlərlə bağlı sərt yanaşmaları ilə də fərqlənir.
İskəndərpaşa camaatı – Nəqşibəndi-Xalidiyyə xəttində mühüm dini icmalardan biridir. Mehmet Zahid Kotku və daha sonra Esad Coşan kimi şeyxlərin rəhbərliyi altında böyük təsir qazanıb. AKP-nin formalaşdığı siyasi-dini mühit baxımından da tarixən əhəmiyyətli hesab olunur.
Adlarını qeyd etdiyimiz təriqətlərlə yanaşı daha kiçik qrupları saymaqla bitirmək olmaz. Bu isə real təhlükənin davam etdiyinin göstəricisidir.
Azərbaycan üçün təhlükə haradan başlayır?
Azərbaycanın Türkiyə ilə münasibətləri bu məsələdə əlavə həssaslıq yaradır. Türkiyədə populyarlaşan dini cərəyanların, təriqətlərin və müxtəlif ictimai şəbəkələrin Azərbaycana keçmək imkanı daha yüksəkdir. Dil yaxınlığı, sosial əlaqələr, tələbə mübadiləsi, biznes münasibətləri və informasiya məkanı bu təsirləri daha da asanlaşdırır.
Burada söhbət dini inanclara qarşı mübarizədən getmir. Söhbət dövlət daxilində ayrıca iyerarxiya yaradan, öz maliyyə və kadr resurslarını formalaşdıran, üzvlərini qapalı loyallıq prinsipi ilə birləşdirən və zamanla dövlət institutlarına təsir göstərməyə çalışan strukturların qarşısının alınmasından gedir.
FETÖ dərsi unudulmamalıdır
Azərbaycan əslində bu təhlükənin nəticəsini FETÖ məsələsində artıq görüb. Bu gün loyal görünən, daha doğrusu maskalanan təşkilat sabah əsl simasını üzə çıxara bilər. Ona görə də bu vəziyyətə gəlib çıxmamaq üçün vaxtında preventiv tədbirlər görmək vacibdir.
Heç bir təriqət, dini icma və ya qeyri-dövlət şəbəkəsi özünü qanundan üstün hesab etməməlidir. Heç bir xarici ideoloji mərkəz Azərbaycanda uzunmüddətli sosial baza formalaşdırmaq, qapalı kadr sistemi yaratmaq və cəmiyyətin müəyyən təbəqələrini öz təsir dairəsinə almaq imkanına malik olmamalıdır.
Ona görə də, Türkiyənin bu gün qarşılaşdığı problemlər Azərbaycanın sabah üzləşə biləcəyi risklərin xəbərdarlığı kimi qəbul edilməlidir.
Bir sözlə, hər hansı təriqətin ölkəmizə ayaq açmasına heç bir halda yol vermək olmaz. Çünki təriqətlərin siyasi loyallığı dəyişə bilər, dövlətin təhlükəsizlik maraqları isə dəyişməzdir.
Bizim.Media-nın analitik qrupu