Qubada yol qəzasında bir nəfər ölüb, bir nəfərin isə vəziyyəti ağırdır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2008-ci il təvəllüdlü (kişi) şəxs bu gün saat 15:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona müştərək travma, qarın və döş qəfəsinin küt travması, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
"Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkimə qədər ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, qəza Quba-Xaçmaz yolunun Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib. “Toyota Prado” markalı avtomobillə “VAZ-2106” markalı maşının toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Fəridə, Bizim.Media