Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində 17 dövlətin liderinin iştirakı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcəklər.
Bundan başqa, görüşə ŞƏT-ə üzv dövlətlərin liderləri ilə yanaşı, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Toqo hökumətinin sədri For Qnasinqbe, Laos Prezidenti Thonglun Sisulit, Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan və Misirin vitse-prezidenti Hüseyn İsa qatılacaq.
Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş, MDB-nin Baş katibi Sergey Lebedev, KTMT-nin Baş katibi Taalatbek Masadıkov, Avrasiya İqtisadi Komissiyasının Kollegiyasının sədri Bakıtjan Saqintayev və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransının Baş katibi Kayrat Sarıbay da iştirak edəcəklər.
Görüş zamanı beynəlxalq və regional gündəlik, ŞƏT-in gələcək inkişafı, eləcə də siyasi, ticarət-iqtisadi, nəqliyyat, rəqəmsal, ekoloji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Sammitin yekununda təşkilatın 25 illiyi ilə bağlı Bəyannamənin, həmçinin bir sıra qərar və tematik bəyanatların qəbul edilməsi planlaşdırılır.
“ŞƏT plus” formatında keçiriləcək genişləndirilmiş görüşdə isə BMT-nin və beynəlxalq hüququn rolu, dayanıqlı inkişaf, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, ŞƏT-in Dövlət Başçıları Şurasının sammiti 31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. (Modern.az)
Bizim.Media