Teatr tamaşaları, xüsusilə uşaqlar üçün təşkil olunan tamaşalar yalnız əyləncə məqsədi daşımır. Uzun illərdir insanlar teatra maariflənmək üçün gediblər. Dahi şəxsiyyətlərimizin, şairlərimizin həyat və yaradıcılığına həsr olunan, tanınmış əsərləri və tarixi hadisələri səhnələşdirən tamaşalar uşaqların dünyagörüşünü formalaşdıran vasitələrdən biridir.
Lakin etiraf etməliyik ki, bu gün sosial şəbəkələrdən istifadə edən uşaqların sayı teatra gedən uşaqların sayından qat-qat çoxdur. Məktəblərdə şagirdlərin teatr tamaşalarına kollektiv şəkildə aparılması kimi təşəbbüslər həyata keçirilsə də, bunun nə qədər müntəzəm olduğu sual yaradır. Uşaq teatrlarının son illərdə tamaşaçı sayında müşahidə olunan rəqəmlər isə uşaqların teatra, ümumilikdə incəsənətə marağının necə artırılmasını gündəmə gətirir.
Bəs şagirdlərin teatrlara aparılması məktəblərdə təhsilin bir hissəsi kimi qiymətləndirilməlidirmi? Uşaqların teatra marağının artırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli hesab edir ki, uşağın teatra marağının formalaşmasında məktəbin rolu kifayət qədər böyükdür:
“Teatra getmək yalnız vaxtın keçirilməsi kimi qiymətləndirilməməlidir. Bu, uşağın dünyagörüşünün, estetik zövqünün, nitq və düşüncə qabiliyyətinin, eyni zamanda mədəni davranışının formalaşmasına təsir edən mühüm vasitələrdən biridir.
Təbii ki, uşağın teatra gedib-getməməsi yalnız məcburi seçimə çevrilməməlidir, amma məktəb şagirdə bu imkanı yaratmalıdır. Şagirdin mədəni inkişafını yalnız ailənin öhdəsinə buraxmaq düzgün yanaşma deyil. Çünki bütün ailələrin belə imkanları və ya buna eyni səviyyədə marağı yoxdur. Məktəb burada bərabər imkan yaradan əsas institutlardan biri kimi çıxış edə bilər.
Bu baxımdan teatrlara, muzeylərə, sərgilərə və digər mədəni məkanlara şagirdlərin müəyyən formada tədris prosesi ilə əlaqələndirilməsi məqsədəuyğundur. Məsələn, tarix dərsində keçirilən müəyyən bir hadisə ilə bağlı tamaşanın izlənilməsi və daha sonra şagirdlərlə həmin tamaşanın müzakirə olunması dərsi daha yaddaqalan edir”.
Teatr səfəri formal tədbirə çevrilməməlidir
Ə.Həsənlinin fikrincə, şagirdləri sadəcə teatra aparmaq kifayət deyil. Tamaşadan əvvəl müəyyən bir əsərlə, mövzu ilə bağlı məlumat verilməli və tamaşadan sonra müzakirə aparılmalıdır. Onun sözlərinə görə, belə olanda artıq teatr sadəcə əyləncə deyil, həmçinin bir növ təhsili tamamlayan praktik və emosional öyrənmə vasitəsinə çevrilir:
“Bu gün uşaqların telefonlara və sosial şəbəkələrə böyük maraq göstərməsi ilə müqayisədə teatrın onların diqqətini cəlb etməsi təbii ki, müəyyən qədər çətinləşib. Ancaq burada problemi yanlız uşaqlarda axtarmaq düzgün deyil. Şagirdin marağını qazanmaq üçün teatrların özləri də müasir auditoriyanın zövqünü və düşüncə tərzini nəzərə almalıdır.
Daha dinamik, vizual baxımdan maraqlı, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun və müasir təqdimat üsullarından istifadə edən tamaşalara ehtiyac var
Məsuliyyət yalnız bir tərəfin üzərinə düşmür. Məktəb uşağı teatra yönləndirməli və bu imkanları yaratmalıdır. Valideyn ailə daxilində mədəni fəaliyyətlərə marağı dəstəkləməlidir. Teatrlar isə uşağın həqiqətən maraq göstərə biləcəyi keyfiyyətli məhsullar təqdim etməlidir. Bu üç tərəf birlikdə hərəkət etdikdə nəticə daha effektiv olar”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Uşaq teatrlarının tamaşaçılarının sayı hər min nəfər üçün 116 nəfər, 2024-cü ildə 109, 2015-ci ildə 176, 2000-ci ildə 211 nəfər təşkil edib.
Xədicə Paşayeva, Bizim.Media