BTS qrupunun üzvü V ilk dəfə eşitmə problemi ilə bağlı pərəstişkarlarına danışıb.
Bizim.Media xəbər verir ki, 30 yaşlı müğənni canlı yayım zamanı təxminən iki il yarımdır bir qulağında eşitmə qabiliyyətinin azalması ilə bağlı müalicə aldığını açıqlayıb.
Müğənninin sözlərinə görə, qulaqları arasındakı eşitmə fərqi kifayət qədər böyükdür. O, sol qulağının eşitməsini şərti olaraq 100 faiz qiymətləndirirsə, sağ qulağının cəmi 30 faiz eşitdiyini bildirib.
“Sol qulaqda eşitmə 100 faizdirsə, sağda cəmi 30 faizdir”, - deyə əsl adı Kim Txe Hyen olan V bildirib.
Sənətçi bu barədə pərəstişkarlarına məhz indi danışmaq qərarına gəldiyini söyləyib. Onun sözlərinə görə, hərbi xidmət zamanı eşitmə problemi daha da şiddətlənib. Lakin əvvəlcə bunu ciddi qəbul etməyib və problemin psixoloji dözümlülüklə bağlı olduğunu düşünüb.
Hazırda V dərman qəbul edir və mütəmadi olaraq xəstəxanaya müraciət edir.
Müğənninin açıqlaması BTS-in bir neçə ildən sonra ilk dünya turnesinə başladığı vaxta təsadüf edib. Bu tur Cənubi Koreyada məcburi hərbi xidmətlə əlaqədar fasilədən sonra qrupun bütün yeddi üzvünün birlikdə səhnəyə qayıdışı olub.
V 2023-cü ildə hərbi xidmətə başlayıb və 2025-ci ilin iyununda xidmətini başa vurub.
BTS-in Arirang World Tour turnesi apreldə Cənubi Koreyada başlayıb. Qrup hazırda dünyanın müxtəlif ölkələrində konsertlər verir. Yaxın aylarda BTS Los-Anceles, Buenos-Ayres, Banqkok, Sidney və Honq-Konqda çıxış edəcək.
Bizim.Media