Həbs olunan və anti-Azərbaycan dairələr tərəfindən tələsik Bakı ilə əlaqələndirilməyə çalışılan Almaniya kəşfiyyatının (BND) keçmiş rəhbəri Avqust Hanningin (August Hanning) uzun illər Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşevlə sıx təmaslar saxladığı məlum olub.
Bizim.Media “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə istinadən xəbər verir ki, keçmiş kəşfiyyat rəhbəri təqaüdə çıxdıqdan sonra da Moskva ilə münasibətlərini davam etdirib.
2009-cu ildə təqaüdə çıxan Hanning Rusiya FSB-nin keçmiş rəhbəri və Təhlükəsizlik Şurasının katibi Patruşevlə ən azı 2014, 2016 və 2019-cu illərdə görüşüb. O, 2015-ci ildən 2019-cu ilə qədər olan dövrdə Rusiyaya azı yeddi dəfə səfər edib.
2016-cı ildə Avqust Hanning Moskva ilə əməkdaşlığın tərəfdarı kimi çıxış edib və Krım məsələsinin tənzimlənməsi üçün xüsusi model təklif edib.
Hanningin vəkili Patruşevlə görüşlərin keçirildiyini təsdiqləsə də, bu təmasların Moskvanı Ukraynadakı əməllərinin fəsadları barədə xəbərdar etmək məqsədi daşıdığını iddia edib.
Bizim.Media