Belçika hökuməti Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsinə razılıq vermir.
Bizim.Media xəbər verir ki, ölkənin müdafiə naziri Teo Franken Belçikanın bu məsələdə mövqeyini dəyişməyəcəyini və Rusiya aktivlərinin Ukraynaya yardım üçün istifadə edilməsinə razı olmayacağını bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı “qapı bağlıdır”.
Bu həftə İsveç, Polşa, Niderland və İspaniya Avropa Komissiyasını Ukraynanın maraqları naminə təxminən 200 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərindən istifadə etməyin yeni yollarını araşdırmağa çağırıb.
Lakin əsas problem ondan ibarətdir ki, bu vəsaitlərin böyük hissəsi Belçikada yerləşən “Euroclear” depozitarisində saxlanılır.
Belçikanın Baş naziri Bart de Vever daha əvvəl Ukraynaya təxminən 210 milyard avronun “reparasiya krediti” formatında verilməsi ideyasına qarşı çıxıb. O, Rusiyanın mümkün məhkəmə iddiaları və bunun Belçika üçün yarada biləcəyi maliyyə risklərindən narahat olduğunu bildirib.
Bununla yanaşı, müdafiə naziri Frankenin mövqeyi Belçikanın xarici işlər naziri Maksim Prevonun daha yumşaq açıqlamalarından fərqlənir.
Prevo daha əvvəl hüquqi risklərin bütün Aİ ölkələri arasında ədalətli şəkildə bölüşdürülməsi şərtilə dondurulmuş aktivlərdən istifadənin mümkünlüyünü istisna etməyib.
Aİ ölkələrinin xarici işlər nazirləri qarşıdakı həftə İrlandiyada keçiriləcək görüşdə dondurulmuş Rusiya aktivləri məsələsini yenidən müzakirə edəcəklər. Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsi də gündəmdə olacaq.
Bizim.Media