ABŞ Böyük Britaniyadan müdafiə xərclərini artırmağı tələb edir. Əks halda, Vaşinqtonun Folklend adaları məsələsində Londonun mövqeyinə verdiyi dəstəyi yenidən nəzərdən keçirə biləcəyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Pentaqon nümayəndələri Böyük Britaniya hökumətinə hərbi büdcənin artırılmasının vacibliyini çatdırıblar. Bildirilir ki, London bu tələbi yerinə yetirməsə, Folklend adaları üzərində suverenliyinə ABŞ-ın dəstəyini itirmək riski ilə üzləşə bilər.
Nəşr qeyd edir ki, bu yanaşma ABŞ-ın NATO müttəfiqlərini müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağa təşviq etmək üçün nəzərdən keçirdiyi addımlardan biridir.
Mənbələrdən biri Böyük Britaniyanın hərbi potensialının yüksək olduğunu bildirərək deyib ki, bu səbəbdən ölkəyə xüsusi diqqət yetirilir və Londonun müdafiə xərclərini artırması üçün stimul yaradılmasına çalışılır.
Folklend adaları məsələsinə toxunan mənbə ABŞ-ın bu mövqeyi dəyişmək ehtimalını da nəzərdən keçirdiyini bildirib.
“The Daily Telegraph”ın məlumatına əsasən, Vaşinqton Folklend adalarının hüquqi mənsubiyyəti məsələsində rəsmi olaraq neytral mövqe tutur. Bununla yanaşı, adaların hazırda Böyük Britaniyanın idarəsində olduğunu qəbul edir.
Bizim.Media