Ali məktəblərə qəbulun nəticələri açıqlanıb, ixtisaslar üzrə plan yerlərinin vəziyyəti də artıq məlumdur. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, III ixtisas qrupu üzrə ali məktəblərdə ümumilikdə 25 plan yeri boş qalıb. Qrup üzrə müsabiqədə iştirak edən, lakin ali məktəbə qəbul ola bilməyən 3379 abituriyent var. Onların seçə biləcəyi cəmi bir ixtisas üzrə boş yer qalıb. Bu, “Kitabxanaçılıq və informasiya” (tədris ingilis dilində) ixtisasıdır. Ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 50 olan abituriyentlər üçün digər ixtisaslarda boş yer yoxdur.
Bu onu göstərir ki, 3379 abituriyent üçün bir seçim var və ya 3379 abituriyent bu ixtisası seçmədiyi üçün indi kənarda qalmış hesab olunur.
Bir vaxtlar isə sözügedən ixtisasa maraq daha fərqli idi.
Kitabxanaçı yalnız kitab verib-alan əməkdaş deyil, oxucuya kitablar haqqında məlumat verən, maarifləndirici şəxs, bir sözlə, kitab üzrə mütəxəssis hesab olunurdu. Yüzlərlə kənd uşağına dünyanın digər ucunda yaranan ədəbiyyatla ilk tanış edən, onda kitaba, mütaliəyə maraq yaradan şəxs idi. Lakin son illərdə rəqəmsallaşma və informasiya resurslarına çıxış bu peşəyə münasibəti də dəyişib. Bu dəyişiklik ixtisas seçiminə də təsirsiz ötüşmür.
Kitabxanaçılığa marağın azalma səbəblərindən biri də əməkhaqqıdır. Kitabxanaçıların gəlirləri, iş imkanları və peşənin sosial statusu abituriyentlərin seçimlərinə təsir edən amillər sırasında yer alır. Gənclər ixtisas seçərkən təkcə universitetə qəbul olmağı yox, məzun olduqdan sonra iş tapmaq və daha çox gəlir əldə etmək imkanlarını da nəzərə alırlar.
Digər səbəb isə son zamanlar kənd kitabxanalarının bağlanması məsələsidir. Müasir dünyanın gətirdiyi əlçatanlıq və rahatlıq fiizki kitabxanalara marağı azaldıb. Xüsusilə, kəndlərdə yaşlı kitabxanaçılar təaüdə çıxıb, gənclər də təhsil alsalar belə öz peşələrini ucqar yerlədə yerinə yetirməyə meyil göstərməyiblər. Nəticədə bir neçə kənddə kitabxanaların qapısı qıfıllı qalıb.
Bəs problemin səbəbi əməkhaqqında, iş imkanlarında, yoxsa peşənin özünün cəmiyyətdəki dəyişən rolundadır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimovanın fikirlərini öyrəndik. Deputat Bizim.Media-ya açıqlamasında deyib ki, burada Azərbaycan cəmiyyətinin kitabxana və kitabxanaçı peşəsinə münasibətində yaranmış daha dərin bir siqnal var:
“Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbulda III qrup üzrə plan yerlərinin 99,84 faizi dolub və bu qrup digər qruplarla müqayisədə ən yüksək rəqabətin olduğu qrupdur. III qrupda müsabiqəyə buraxılıb ali məktəbə qəbul ola bilməyənlərin sayı 3379 nəfərdir. Buna baxmayaraq, onların faktiki seçə biləcəyi yalnız “Kitabxanaçılıq və informasiya” ixtisasında, ingilis dilində tədris üzrə 5 yer qalıb.
III qrup üzrə ümumilikdə 25 boş plan yeri göstərilsə də, aşağı bal həddi ilə seçim edə biləcək abituriyentlərin seçə biləcəyi başqa boş yer yoxdur. Bu mənzərə birinci növbədə onu göstərir ki, problem III qrupda abituriyent çatışmazlığı deyil. Əksinə, 3379 nəfərin ali məktəbə qəbul ola bilmədiyi bir şəraitdə kitabxanaçılıq ixtisasının cəmi 5 yerinin belə xüsusi cazibə yaratmaması düşünməyə ciddi əsas verir. Deməli, gənc bu gün ixtisas seçərkən yalnız “universitetə necə daxil olum?” sualını vermir, “dörd ildən sonra bu diplom mənə nə verəcək?” sualını da verir”.
Milli Məclisin üzvü hesab edir ki, seçimlərdə əməkhaqqı məsələsini kənara qoymaq olmaz:
“Azərbaycanda 2026-cı ilin ilk rübündə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1151,5 manat olub. Amma bildiyim qədərilə kitabxanaçıların böyük əksəriyyəti minimum əmək haqqı məbləğində maaş alır. Ümumiyyətlə, kitabxanaçıların konkret orta əməkhaqqısının ayrıca və aydın şəkildə ictimaiyyətə təqdim olunan statistik göstəricisi yoxdur. Ona görə “kitabxanaçıların maaşı filan qədərdir” deyə dəqiq rəqəm söyləmək düzgün olmaz.
Bununla belə, əmək bazarında gəlir perspektivi, karyera imkanları və peşənin sosial nüfuzu abituriyentin seçimində təbii olaraq mühüm amillərdir. Amma məsələni yalnız maaşla izah etmək də ədalətli deyil. Çünki “kitabxanalar bağlanır, deməli bu peşənin gələcəyi yoxdur” düşüncəsi də faktlarla tam təsdiqlənmir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kütləvi kitabxanaların sayı 2023 və 2024-cü illərdə 2913 olduğu halda, 2025-ci ilin əvvəlinə 2914 olub. Yəni son statistik göstəricidə kitabxanaların ümumi sayında azalma yox, əksinə, cüzi artım var. Kitabxana fondunun həcmi isə 27,7 milyon nüsxə göstərilir. Daha maraqlısı odur ki, dövlətin yanaşmasında kitabxananın özünün ləğvi yox, onun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması xətti görünür.
2019-cu ildə Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların yenidən təşkil olunması ilə bağlı qərarda məqsəd informasiya-kommunikasiya texnologiyalarının imkanlarını və mövcud tələbatı nəzərə almaqla yeni kitabxana sistemi formalaşdırmaq kimi müəyyən edilmişdi və həmin sistem yaradılanadək mövcud kitabxanaların fəaliyyətini davam etdirməsi nəzərdə tutulmuşdu.
Sonrakı illərdə də kitabxana anlayışının sıradan çıxarılması deyil, onun məzmununun yenilənməsi istiqamətində addımlar görürük. Məsələn, 2025-ci ildə Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların yeni nəşrlərlə təmin edilməsi üçün 63 650 nüsxə kitab alınıb. Bu, “kitabxana artıq lazım deyil” yanaşmasından daha çox, kitabxananın müasir informasiya və mədəniyyət məkanı kimi saxlanmasına işarə edir”.
Onun sözlərinə görə, bu gün kitabxanaçıya əvvəlkindən daha çox ehtiyac ola bilər, sadəcə həmin peşənin adı və funksiyası dəyişir:
“Dünən kitabxanaçı oxucuya kitab verən şəxs idisə, sabah o, rəqəmsal informasiya resurslarını idarə edən, elektron kataloq yaradan, məlumatı axtarıb tapmağı öyrədən, arxiv və elektron fondlarla işləyən, müəllif hüququnu bilən, informasiya təhlükəsizliyindən anlayan mütəxəssis olmalıdır. Dünyada kitabxanaların gələcəyi də məhz “kitab rəfi”ndən “informasiya mərkəzi”nə keçidlə əlaqələndirilir.
Ona görə mən bu 5 boş yerə yalnız “maaş azdır” və ya “kitabxanalar bağlanacaq” cavabı verməzdim. Burada əsas məsələ peşənin gələcək modeli və həmin gələcəyin gəncə nə qədər aydın təqdim edilməsidir. Əgər abituriyent bu ixtisası bitirdikdən sonra yalnız ənənəvi kitabxanada məhdud vəzifələrdə işləyəcəyini düşünürsə, təbii ki, daha geniş əmək bazarı olan ixtisaslara üstünlük verəcək.
Əgər ona göstərilsə ki, kitabxanaçılıq artıq rəqəmsal kataloq, elektron kitabxana, arxiv işi, informasiya menecmenti, məlumat analitikası, mədəniyyət layihələri və təhsil texnologiyaları ilə birləşir, onda bu peşənin cəlbediciliyi də dəyişə bilər”.
Deputat universitetlərin də məsuliyyətinin böyük olduğunu vurğulayıb:
“Kitabxanaçılıq və informasiya” ixtisasını sadəcə ənənəvi kitabxana kadrı hazırlayan proqram kimi saxlamaq olmaz. Proqramın adı informasiya əsrinin tələblərinə uyğun məzmunla doldurulmalıdır. Tələbəyə müasir texnologiyalar, rəqəmsal arxiv, verilənlər bazası, elektron resursların idarə olunması, süni intellekt alətləri, informasiya savadlılığı və layihələrin idarə edilməsi öyrədilməlidir. O zaman diplomun arxasında real əmək bazarı dayanacaq.
Deməyim odur ki, bu nəticədən narahat olmaq lazımdır, amma kitabxanaların bağlanacağından qorxmaq mənasında yox. Əksinə, kitabxanaçılıq peşəsini elə yeniləmək lazımdır ki, gələn ilin abituriyenti bu ixtisasa “başqa yerə balım çatmadı” deyə yox, “mən gələcəyin informasiya mütəxəssisi olmaq istəyirəm” deyə müraciət etsin. Bu baş verməsə, 5 boş yer yalnız bir ixtisasın deyil, bizim kitab, informasiya və mədəniyyətə münasibətimizin göstəricisinə çevriləcək”.
Günay Şahmar, Bizim.Media