Meksika hökuməti, ABŞ hakimiyyətinin Meksika vətəndaşlarını Mərkəzi Amerikanın üçüncü ölkələri vasitəsilə deportasiya etmək təcrübəsinə görə ABŞ səfiri Ronald Consona öz narazılığını ifadə edib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Meksikanın daxili işlər naziri Rosa İsela Rodriqes amerikalı diplomatla ötən axşam keçirilən qapalı görüşü şərh edərkən məlumat verib.
"Biz hörmətlə, lakin qətiyyətlə onlara bu qərarla razı olmadığımızı bildirdik", — deyə o qeyd edib.
Rodriqes həmçinin vurğulayıb ki, Meksika hakimiyyəti digər dövlətlərin miqrasiya siyasətini müstəqil şəkildə müəyyən etmək hüququnu tanıyır.
Bununla belə, nazir meksikalıların ABŞ-dan deportasiya edildikdən sonra əvvəlcə üçüncü ölkəyə göndərilməsi və yalnız oradan Meksikaya qaytarılması təcrübəsi ilə razı olmadıqlarını diqqətə çatdırıb.
Bizim.Media