Azərbaycanda qiymətlərin dəyişməsi və inflyasiya əhalinin gündəlik xərclərinə də təsir göstərir. Xüsusilə ərzaq, nəqliyyat və digər gündəlik tələbat məhsullarının qiymətindəki dəyişikliklər ailələrin aylıq büdcəsində özünü göstərə bilir.
Bizim.Media xəbər verir ki, iqtisadçı Emin Qəribli “demokrat.az”a açıqlamasında söyləyib ki, gündəlik xərclərdə də qiymətlər yüksək olduqca, insanın həmin xərcləri məhdudlaşdırması lazım gəlir:
“Azərbaycanda, eləcə də bütün dünyada inflyasiyanın əsas səbəblərindən biri qida məhsullarının qiymət artımıdır. Qida məhsullarının qiymətləri daha çox artır, Azərbaycanda da vəziyyət belədir. Xarici və daxili amillərə baxsaq, xüsusilə qida, ət məhsulları və digər ərzaqların qiymətlərinin daha yüksək templə artdığını görərik.
Bu səbəbdən də gündəlik xərclər artır və bu, insanların büdcəsinə birbaşa təsir edir. Ümumi inflyasiyaya baxdıqda göstərici o qədər də yüksək görünməyə bilər, amma qida məhsullarının qiymətlərinə nəzər saldıqda artımın kifayət qədər yüksək olduğunu görürük”.
İqtisadçı əlavə edib ki, dünyada neft qiymətlərinin artması da müəyyən hallarda gübrələrin qiymətinin yüksəlməsinə gətirib çıxarır:
“Bu isə öz növbəsində qida məhsullarının maya dəyərinə və nəticədə onların qiymətinə təsir edir. Ona görə də xüsusilə qeyd etdiyim məhsulların qiymətləri artdıqca, təbii ki, insanların gündəlik xərclərinin də artmasına səbəb olur”.
Bahalaşmanın pərdəarxası məqamlarına toxunan iqtisadçı neft amilini xüsusi qeyd edib.
Dünya bazarında neftin bahalaşması gübrə istehsalını xərcləndirir. Bu zəncirvari reaksiya qida məhsullarının maya dəyərini, yekunda isə satış qiymətini qaldırır. Yəni qlobal bazar dalğalanmaları birbaşa məişət xərclərini böyüdür.
Bizim.Media