
Məlum olduğu kimi ötən ilin 1 iyul tarixindən Azərbaycanda 18 yaşına çatmayan şəxslərin rəsmi nikaha girməsi qanunla qadağan edilib.
Bəs, ötən dövrün təcrübəsi nə göstərir? Qadağadan sonra da erkən nikaha girməyə təşəbbüs edənlər olubmu?
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Bizim.Media-nın sorğusuna cavab olaraq Komitədən bildirilib ki, 2026-cı ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitənin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 24 erkən evlilik cəhdi ilə bağlı araşdırma aparılıb və görülmüş tədbirlər nəticəsində həmin hallardan 23-nün qarşısı alınıb.
Komitənin açıqlamasında qeyd olunub ki, erkən evlilik uşaqların hüquqlarının pozulmasına, təhsil imkanlarının məhdudlaşmasına, fiziki və psixoloji sağlamlıqlarının təhlükə altına düşməsinə, eləcə də azyaşlıların gələcək inkişaflarına mənfi təsir göstərən ciddi sosial problemdir:
“Bu halların qarşısının alınması üçün yalnız hüquqi tədbirlər deyil, eyni zamanda ailələr arasında maarifləndirmə işinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması və cəmiyyətin birgə səyləri çox vacibdir.
Dövlət Komitəsi erkən evlilik hallarının qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və bu sahədə ictimai məlumatlılığın artırılması istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir. Aşkarlanan hər bir hal üzrə zəruri tədbirlər görülür, uşaqların üstün mənafelərinin qorunması və onların təhsildən kənarda qalmamasına xüsusi diqqət yetirilir”.
Erkən evliliklə mübarizə hər birimizin məsuliyyətidir.
Komitə bu məsələ ilə bağlı bir daha vətəndaşlara çağırış edib:
“Valideynləri, müəllimləri, icma nümayəndələrini və cəmiyyətin bütün üzvlərini bu məsələyə həssas yanaşmağa, erkən evlilik riskləri ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verməyə çağırırıq. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, təhsil almaq və öz gələcəyini sərbəst qurmaq hüququ var”.
Surxay Atakişiyev, Bizim.Media