"Bu gün Azərbaycan regionlarının şəhərlə fərqi yoxdur. Regionlarda tikilən məktəblər, çəkilən yollar, qurulan körpülər ayrı-ayrı şəhərlərdə inşa edilənlərdən heç cür fərqlənmir".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, regionların bu şəkildə inkişaf etdirilməsi, əhalinin regionlara qayıtması, yeni iş yerlərinin açılması vacib elementlərə çevrilib:
"O cümlədən, işğaldan azad olunan ərazilərimizdə bu addımlar geniş şəkildə atılır".
O bildirib ki, bu gün ayrı-ayrı sosial şəbəkələrdə, internet resurslarında süni intellektdən istifadə edərək Azərbaycan haqqında yalan məlumatlar yayırlar:
"Bu isə bizim qarşımıza bir məsuliyyət qoyur. Burada oturan insanlar, deputatlar bilavasitə gündəlik həmin əhali ilə ünsiyyətdə olan insanlardır. Bilirsiniz ki, deputatlar hətta ayda iki dəfə öz seçiciləri ilə görüşür, onları ölkədə baş verən hadisələrlə bağlı, aparılan siyasətlə bağlı məlumatlandırır. O cümlədən, bələdiyyə sədrləri, demək olar ki, gündəlik həmin əhali ilə ünsiyyətdədirlər".
Günay Şahmar, Bizim.Media