Azərbaycanda bələdiyyələr cari ilin ilk altı ayında abadlıq, quruculuq və ətraf mühitin qorunması istiqamətində 3,5 milyon manatdan çox vəsait ayırıblar.
Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş idarəsinin rəisi Elmin Həsənov parlamentdə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilin ölkəmizdə Şəhərsalma və Memarlıq İli elan edilməsi ilə əlaqədar bələdiyyələrin quruculuq işlərinə dəstəyinin artırılması istiqamətində metodoloji işlər aparılır, müvafiq tövsiyə və metodik vəsaitlər hazırlanaraq bələdiyyələrə göndərilir.
E.Həsənovun sözlərinə görə, bələdiyyələr öz fəaliyyətləri çərçivəsində sağlam ətraf mühitin yaradılmasına, ətraf mühitin qorunmasına, abadlıq və quruculuq işlərinin aparılmasına dəstək göstərirlər.
Baş idarə rəisi qeyd edib ki, bələdiyyələrin inkişafı yalnız bu istiqamətlərlə məhdudlaşmır. İnsan resurslarının təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi də yerli özünüidarəetmənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Günay Şahmar, Bizim.Media