Türkiyədə bəzi siyasətçilər və ictimaiyyət nümayəndələrinin Azərbaycanın dünyəvi dövlət modelinə, konstitusiya quruluşuna və daxili təhlükəsizlik qaydalarına qarşı yönələn radikal çağırışları davam edir.
Buna müvafiq olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu sözügedən çağırışlarla əlaqədar cinayət işi açıb və 7 Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib.
Sözügedən şəxslərin siyasi və ideoloji mövqeləri diqqət çəkir.
Belə ki, həmin şəxslərin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğana münasibəti ilə Azərbaycana qarşı nümayiş etdirdikləri aqressiv mövqe arasında ciddi ideoloji paralellər var.
Özlərini Türkiyədə Ərdoğanı siyasi hakimiyyətin mütləq müdafiəçisi, dini dəyərlərin qoruyucusu və müxalifətə qarşı mübarizənin simvolu kimi təqdim edən bu şəxslərin Azərbaycana münasibətdə dünyəvi dövlətçilik prinsiplərini hədəfə alırlar.
Fatih Tezcan: Ərdoğanın ən sərt müdafiəçilərindən biri
Türkiyə mediasında uzun illərdir Rəcəb Tayyib Ərdoğanın ən qatı tərəfdarlarından biri kimi tanınan Fatih Tezcan radikal siyasi ritorikası, müxaliflərə qarşı sərt ifadələri və hakimiyyətə qeyd-şərtsiz sədaqəti ilə seçilir.
Tezcanın ictimai çıxışlarında Ərdoğanın müdafiəsi adi siyasi dəstək çərçivəsindən kənara çıxır. O, tərəfdarlarını “Erdoğandan başqa heç kimə güvənməyin” çağırışı ilə səciyyələndirilən mövqeyə səsləyir, “Erdoğanın canına qəsd edənin canı alınır” kimi sərt ifadələrdən istifadə edir.
Bu ritorika siyasi liderə sədaqətin necə mütləqləşdirildiyini və müxalif mövqelərə münasibətdə təhdid dilinin necə ön plana çıxdığını göstərir.
Ahmet Şanlı: Müxalifətə qarşı təhdid ritorikası və hakimiyyətə sədaqət
Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi şəxslər sırasında olan Ahmet Şanlı da Türkiyədə hakim siyasi xətti müdafiə edən şəxslərdən biridir.
Şanlı keçmişdə sosial şəbəkələrdə müxalifətə ünvanladığı sərt paylaşımlarla diqqət çəkib. Onun “Gedin Ərdoğanın əlini-ayağını öpün ki, mərhəmətlidir, yoxsa sizi asardılar” məzmunlu ifadəsi siyasi opponentlərə münasibətdə nümayiş etdirdiyi yanaşmanın nə qədər radikal və hüquqazidd olduğunun sübutudur.
Şanlının bu mövqeyi ilə Azərbaycana qarşı çıxışları arasında da ciddi paralellər mövcuddur: fərqli düşüncəyə və müstəqil siyasi iradəyə münasibətdə sərtlik, itaət tələb edən ritorika və dini-siyasi mövqelərin mütləqləşdirilməsi.
Rıdvan Kaya: Ərdoğanı “ümmətin” müdafiəçisi kimi təqdim edən ideoloji xətt
Rıdvan Kaya digər şəxslərdən müəyyən məqamlarda fərqlənsə də, onun siyasi mövqeyində də Ərdoğan hakimiyyətinə ideoloji yaxınlıq mühüm yer tutur.
Kaya bəzən AKP-nin ayrı-ayrı daxili siyasi addımlarını tənqid etsə də, həlledici məqamlarda Ərdoğanı müdafiə edən mövqeyi ilə seçilib. O, AKP-nin Atatürkçü elitanın zəiflədilməsinə yönələn siyasətini təqdir edib və Ərdoğanı “ümmətin və dindarların qazanclarını qoruyan lider” kimi qiymətləndirib.
Kayanın 2023-cü ilin mayında Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində atasının məzarı ilə bağlı sosial şəbəkə paylaşımı da bu baxımdan diqqət çəkir:
“Ümmət həssaslığından ötrü hər zaman Tayyip Ərdoğana dua edən babam, müsəlman bildiyi bəzi şəxslərin bu günlərdə onu devirib Kamalist bir şəbbihanı (müxalifəti nəzərdə tutur) iqtidara daşımaq xəyanətini görmüş olsaydı, kim bilir nə qədər kədərlənər və qəhr olardı!”, - deyə Kaya bildirmişdi.
Alparslan Tanrıkulu: “İslam davası” ritorikası və Ərdoğana qeyd-şərtsiz sədaqət
Baş Prokurorluğun beynəlxalq axtarış siyahısında adı çəkilən digər şəxs Alparslan Tanrıkuludur.
Tanrıkulu Ərdoğanı və AKP hökumətini açıq şəkildə tərifləyən, özünü onun əsgəri — “neferi” kimi təqdim edən şəxs kimi tanınır. Onun sosial media paylaşımlarında “İslam davası” ifadəsi tez-tez ön plana çıxır.
Tanrıkulu Ərdoğanı Türkiyədə hicab qadağasını tamamilə ləğv edən şəxs kimi təqdim edir və onu “İslam davası”nın lideri kimi gördüyünü açıq şəkildə bildirir. O, özünü də həmin ideoloji xəttin davamçısı və Ərdoğanın ardıcılı hesab edir.
Tanrıkulunun son fond qalmaqalı ilə bağlı mövqeyi də bu yanaşmanın başqa bir nümunəsi kimi diqqət çəkir. O, AKP rəsmilərinin təxminən 200 milyard lirəyə yaxın vəsaiti mənimsəməsi ilə bağlı iddiaları belə Ərdoğana qarşı təxribat kimi qələmə verir.
Tanrıkulu həmin məsələni “Ərdoğana fond tələsi ilə böyük oyun oynadılar, amma Allah bu milləti və dövləti Osmanlı xatirinə qurtardı” kimi şərh edib.
Ortaq ideoloji xətt: Ərdoğanı müdafiə etmək, dünyəvi düşüncəni hədəfə almaq
Adları çəkilən şəxslərin siyasi fəaliyyətində müəyyən fərqlər olsa da, onların ritorikasına ortaq məqamlar aydın görünür:
- Bu şəxslərin açıqlamalarında Ərdoğan adi siyasi lider olmaqdan çıxarılaraq dini və ideoloji mübarizənin əsas simasına çevrilir. Onun hakimiyyətinin müdafiəsi seçki rəqabətindən daha geniş, dini kimliklə əlaqələndirilən məsələ kimi təqdim olunur.
- Atatürkçü və dünyəvi siyasi ənənəyə qarşı sərt münasibət nümayiş etdirilir. Xüsusilə Rıdvan Kayanın açıqlamalarında Atatürkçü elitanın zəiflədilməsinin təqdir edilməsi və müxalifətin dini-ideoloji qarşıdurmanın tərəfi kimi təqdim olunması bu yanaşmanın göstəricisidir.
- Siyasi rəqiblərə qarşı təhdid və alçaldıcı ifadələrdən istifadə olunur. Fatih Tezcanın sərt ritorikası və Ahmet Şanlının müxalifətə ünvanladığı ifadələr siyasi opponentlərə münasibətdə dözümsüzlüyün necə nümayiş etdirildiyini göstərir.
- Dini simvollar və “İslam davası” kimi ifadələr siyasi hakimiyyətin müdafiəsi üçün əsas tezislər kimi istifadə olunur. Alparslan Tanrıkulunun mövqeyi bu xüsusda diqqət çəkir.
Bütün bunlar həmin şəxslərin eyni ideoloji dünyagörüşünün daşıyıcısı olduğunu sübuta yetirir.
Azərbaycana qarşı kampaniya: Siyasi sədaqət suverenlik hüququndan üstün deyil
Türkiyədə Ərdoğanı "mütləq lider" və "ümmətin xilaskarı" kimi tərifləyən bu şəxslər, mövzu qonşu və müttəfiq Azərbaycan olduqda kəskin şəkildə aqressiv mövqe nümayiş etdirirlər. Xüsusilə də onların ritorikasında Azərbaycanın dünyəvi dövlət modeli və daxili təhlükəsizlik qaydaları hədəfə alınır, təhdid dilindən istifadə olunur.
Azərbaycana qarşı başladılan dövlət əleyhinə kampaniyada sıravi radikal qrupların deyil, məhz Türkiyənin iqtidar mediasında, media resurslarında və AKP daxilində çəkisi olan, Ərdoğanın ən "militan" müdafiəçilərinin ön planda yer alması da təsadüfi deyil.
Onların Ərdoğana qeyd-şərtsiz bağlılığı və Azərbaycana qarşı ritorikalarındakı bənzər yanaşma isə sübut edir ki, davam edən dini-siyasi hücum kampaniyası birbaşa AKP-nin ideoloji mərkəzləri tərəfindən idarə olunur və yönləndirilir. Yəni Azərbaycana qarşı qarayaxma kampaniyası, radikal çağırışlar əslində hakim siyasi xəttin diqtəsi və ya icazəsi ilə baş verir.
Azərbaycanın dünyəvi dövlət modelinə və daxili qaydalarına qarşı yönələn çağırışlar heç bir xarici siyasi liderin müdafiəsi, dini həssaslıq və ya ideoloji mübarizə adı altında əsaslandırıla bilməz.
Türkiyədə Ərdoğan hakimiyyətini müdafiə etmək həmin şəxslərin siyasi seçimidir. Lakin bu seçimi edənlərin Azərbaycana münasibətdə təhdid, təhqir və konstitusiya quruluşuna müdaxilə çağırışları ilə müşayiət olunması tamamilə qəbuledilməzdir.
Bizim.Media-nın analitik qrupu