1797-ci ildə Britaniya hərbi-dəniz donanmasının komandanı admiral Nelsonun sağ qolu amputasiya edildi. Bu əməliyyat onun həyatını xilas etdi. Lakin qolu kəsilərkən, ona təklif olunan yeganə ağrıkəsici vasitə bir qurtum rom idi.
Ümumiyyətlə 1846-cı ildə ümumi anesteziya vasitələrinin tətbiqinə qədər insanların yaralı aşağı-yuxarı ətrafları tam ayıq vəziyyətdə amputasiya edilirdi.
Bu gün hər il ümumi anesteziya altında 350 milyondan çox cərrahi əməliyyat həyata keçirilir. Lakin bu sirli dərmanların bizi necə yuxuya apardığı hələ tam aydın deyil. İndi üzə çıxan ipucları alimlərə beynimizin fundamental iş mexanizmləri haqqında məlumat verir.
Qeyd edək ki, anesteziya vasitələrinin bir neçə kateqoriyası mövcuddur.
Bəziləri birbaşa ağrını bloklamaqla təsir göstərir, digərləri isə yuxululuq və rahatlıq hissi yaradır. Ümumi anesteziya vasitələri isə ümumiyyətlə insanı şüursuz vəziyyətə salır, nəticədə bədənində baş verənlərdən tamamilə xəbərsiz qalır.
Şüursuzluq vəziyyəti yarada bilən çoxsaylı anesteziya vasitələri mövcuddur. Bunlara praktikada nadir hallarda istifadə olunan ksenon kimi zahirən təsirsiz görünən qazlardan tutmuş, ən geniş və tez-tez istifadə olunan ümumi anesteziya vasitəsi olan propofola qədər müxtəlif maddələr daxildir.
Ümumi anesteziya vasitələri çox müxtəlif kimyəvi quruluşlara malik ola bilər. Hər bir halda, onların ümumi təsiri beyindəki sinir hüceyrələri arasındakı əlaqəyə müdaxilə etmək və onların bir-biri ilə "ünsiyyət" qurmasının qarşısını almaqdan ibarətdir. Maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə əldə edilən görüntülərdən aydın olur ki, bu zaman beyin fəaliyyətində ümumi bir azalma baş verir.
Bununla belə, prosesin xəstəni necə yuxuya apardığı məsələsi hələ tam aydın deyil.
Məsələn, hələ dəqiq məlum deyil ki, anesteziya vasitələrinin yaratdığı şüursuzluq vəziyyəti bütün beynin fəaliyyətinin tamamilə dayandırır? Yoxsa bəzi beyin bölgələri digərlərinə nisbətən daha vacib rol oynayır?
Böyük Britaniyanın London İmperial Kollecinin biofizika və anesteziologiya üzrə professoru Nik Frenks bildirir ki, beyində bəzi daha həssas bölgələr fəaliyyətini ilk növbədə dayandırır. Frenks beynin dərinliyində yerləşən və müxtəlif beyin bölgələri arasında mərkəzi qovşaq rolunu oynayan yumurta formalı struktur – talamusa diqqət çəkir. İnsana ümumi anesteziya tətbiq edildikdə, məhz bu nahiyənin fəaliyyəti ilk olaraq zəifləyir və ya dayanır. Talamus, digər funksiyaları ilə yanaşı, yuxunun başlaması və davam etməsində mühüm rol oynayır.
Tədqiqatlar həmçinin göstərir ki, koma vəziyyətində olan bəzi insanları talamusun stimullaşdırılması yolu ilə oyatmaq mümkündür. Deməli, bu, oyanıqlıq vəziyyəti üçün kritik əhəmiyyət daşıyan bir nahiyədir.
Digər alimlər hesab edirlər ki, beyin qabığı – yəni beynin xarici, qırışlı təbəqəsi – şüurun əsas "məskəni"dir və buna görə də anesteziya vasitələri öz əsas təsirlərini məhz burada göstərir. Lakin prosesdə iştirak edən digər beyin bölgələri də mövcuddur. Məsələn, alın və təpə payları. Birincisi alnın dərhal arxasında yerləşir və tənqidi təfəkkür kimi bir çox ali səviyyəli fəaliyyətlərə cavabdehdir. İkincisi isə daha arxada yerləşir və toxunma kimi duyğu məlumatlarının emalında iştirak edir.
Amma maraqlıdır ki, cərrahi əməliyyat keçirən təxminən hər 15 000 xəstədən biri ayıldıqdan sonra əməliyyat zamanı baş verənləri xatırlaya bilir; bu fenomen "təsadüfi şüurluluq" (və ya əməliyyat zamanı oyanıqlıq) kimi tanınır. Oksford Universiteti Xəstəxanasının anestezioloq-mütəxəssisi Ceydip Pandit hesab edir ki, belə şəxslər yuxu ilə oyanıqlıq və ya şüurluluq ilə şüursuzluq arasında yerləşən "üçüncü şüur vəziyyəti"ni yaşayırlar.
Şəfiqə Şəfa, Bizim.Media