Cəlilabadda Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib.
Bizim.Media xəbər verir ki, rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi nəticələr əldə olunub.
Tədqiqatlar zamanı dulus sobası aşkar edilib. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyir.
Eləcə də daş əmək alətləri, əkinçilikdə istifadə olunduğu ehtimal edilən tam vəziyyətdə maral buynuzu və digər qiymətli arxeoloji nümunələr də üzə çıxıb.
Mütəxəssislər bildirirlər ki, tapıntılar üzərində aparılacaq elmi araşdırmalar Paşatəpədə yaşamış insanların təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat əldə etməyə imkan verəcək. (Apa.az)

Bizim.Media