
30 il Ermənistan işğalı altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi bu gün də çoxlarına nağlı kimi görünür. Çünki çoxları elə zənn edirdi ki, azərbaycanlılar artıq məğlubiyyətlə və itkiləri ilə barışıb.
Lakin bu cür dar düşünənlər bir reallığı diqqətdən qaçırmışdı ki, Azərbaycan xalqı çox pislikləri unuda bilər. Amma dilini, dinini, milli kimliyini və əcdadlarının mirasını Azərbaycan xalqı heç vaxt unutmur.
Bu səbəbdən də 30 illik intiqam cəmi 44 günə alındı.
Bu qələbənin təməl daşı isə azərbaycançılıq ideyası idi.
Əsrlər boyu haqqımız tapdalandı, hüquqlarımız əlimizdən alındı. Torpaqlarımıza müxtəlif əcnəbi adlar verildi. Hətta milli kimliyimizi əlimizdən almağa çalışdılar. Bizə “tatar”, “müsəlman” dedilər, azərbaycanlı olduğumuzu unutdurmaq istədilər.
Amma biz dillər içində dilimizi, qəlbimizdə isə azadlıq ideyalarımızı yaşatdıq. Və sonuna qədər azərbaycançılığımızı qoruduq.
Sonda isə necə bir azərbaycanlı olduğumuzu bütün dünyaya göstərdik.
Milli birlik, dövlət müstəqilliyi və azərbaycançılıq ideyasının yeni tarixi mərhələdə inkişaf
Azərbaycançılıq ideyası xalqımızın tarixi yaddaşını, milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini vahid məfkurə ətrafında birləşdirən fundamental dəyərdir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də müstəqil dövlətin möhkəmlənməsinin, cəmiyyətin həmrəyliyinin və Azərbaycanın dünya birliyində özünəməxsus yer tutmasının ideoloji əsaslarından biridir.
Müstəqil Azərbaycanın siyasi tarixində bu məfkurənin sistemli dövlətçilik konsepsiyasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin rəhbərliyi dövründə isə azərbaycançılıq ideyası yeni siyasi, iqtisadi və geosiyasi reallıqlar şəraitində inkişaf edərək daha geniş məzmun qazanıb.
Azərbaycançılığın tarixi əhəmiyyəti ondadır ki, o, müxtəlif dövrlərin sınaqlarından keçən xalqı ortaq milli məqsədlər ətrafında birləşdirir. Zaman dəyişir, beynəlxalq münasibətlər sistemi yenilənir, dövlətlərin qarşısında yeni çağırışlar yaranır. Lakin milli kimliyin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə güclü Azərbaycan mirasının ötürülməsi dəyişməyən strateji vəzifə olaraq qalır.
Heydər Əliyev və azərbaycançılığın dövlətçilik məfkurəsinə çevrilməsi
Azərbaycançılıq ideyasının müasir dövlətçilik konsepsiyası kimi formalaşmasında dahi öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi yer tutur. O, milli kimliyin qorunmasını, Azərbaycan dilinin inkişafını, milli-mənəvi dəyərlərin yaşadılmasını və dövlətçilik ənənələrinin möhkəmləndirilməsini bir-birindən ayrı məsələlər kimi deyil, vahid strateji xəttin tərkib hissələri kimi nəzərdən keçirirdi.
Heydər Əliyevin siyasi fəaliyyətində milli özünüdərkin gücləndirilməsi mühüm istiqamətlərdən biri idi. Sovet dövründə Azərbaycan dilinin ictimai və siyasi mövqeyinin qorunmasına göstərilən diqqət, milli mədəniyyətin inkişafına verilən dəstək, tarixi şəxsiyyətlərin və milli irsin təbliği sonrakı dövlətçilik mərhələsi üçün də əhəmiyyətli zəmin yaratdı.
Bu gün ehtiramla bildirməliyik ki, SSRİ dönəmində Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz dahi öndərin davamlı və gərgin mübarizəsi nəticəsində mümkün oldu. Və 1978-ci ildə qəbul edilə Azərbaycan Sovet Respublikası Konistitusiyasında Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit edildi. Halbuki Sovetlər dönəmində buna qədər 1921, 1925, 1927, 1931 və 1935-ci illərdə Sovet Azərbaycanında Konstitusiya qəbul edilmişdi. Ancaq onların heç birində Azərbaycan dili haqqında heç bir qeyd aparılmamışdı.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Belə bir şəraitdə milli ideyanın yalnız tarixi şüar kimi deyil, cəmiyyəti birləşdirən və dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məfkurə kimi formalaşdırılması zəruri idi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, müstəqil dövlət institutlarının qurulması və milli həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycançılıq bu prosesdə ümumi milli mənsubiyyət və ortaq dövlətçilik məsuliyyəti anlayışlarını bir araya gətirən ideoloji xətt kimi ön plana çıxdı.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi. Azərbaycan dilinin dövlət dili statusu, vətəndaşların hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili və milli suverenlik prinsipləri müasir Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirdi.
Heydər Əliyevin azərbaycançılıq konsepsiyasının mühüm xüsusiyyətlərindən biri onun birləşdirici mahiyyətidir. Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə pasport və şəxsiyyət vəsiqələrində milli kimliyin yazılmasına son verildi. Bu məfkurə etnik və dini fərqlərdən asılı olmayaraq, Azərbaycanı öz vətəni hesab edən bütün vətəndaşların vahid dövlət ətrafında birliyini nəzərdə tuturdu. Burada əsas meyar ortaq vətənə bağlılıq, dövlətə sədaqət, milli mədəniyyətə hörmət və Azərbaycanın gələcəyi qarşısında məsuliyyətdir.
2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi isə artıq azərbaycançılıq ideyalarının sərhədlərimizi aşaraq bütün kainata yayılmasının təntənəsi idi.
Beləliklə, Heydər Əliyev azərbaycançılığı milli kimliyin qorunması çərçivəsindən çıxararaq müstəqil dövlətin ideoloji dayaqlarından birinə çevirdi. Bu, təkcə həmin dövrün siyasi ehtiyaclarına cavab verən yanaşma deyildi, həm də sonrakı nəsillər üçün də dövlətçilik düşüncəsinin əsas istiqamətlərindən birini müəyyənləşdirən konseptual xətt idi.
İlham Əliyev siyasətində milli məfkurənin yeni inkişaf mərhələsi
Hər bir ideyanın tarixi gücü onun dəyişən situasiyalarda öz mahiyyətini qorumasında və inkişafında üzə çıxır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursu Prezident İlham Əliyevin rəhbərliyi dövründə davam etdirildi və yeni istiqamətlər üzrə genişləndi.
İlham Əliyevin prezidentliyi dövründə azərbaycançılıq ideyası dövlət suverenliyinin möhkəmləndirilməsi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin genişləndirilməsi, milli-mədəni irsin qorunması və xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi kimi istiqamətlərlə daha sıx əlaqələndirilib.
Heydər Əliyevin qarşısında dayanan əsas tarixi vəzifələrdən biri müstəqil dövlətin dayaqlarını möhkəmləndirmək və milli ideyanı sistemləşdirmək idisə, İlham Əliyevin prezidentliyi dövründə həmin dövlətin imkanlarını genişləndirmək, milli maraqları daha mürəkkəb beynəlxalq şəraitdə qorumaq və Azərbaycanın regional mövqeyini gücləndirmək məsələləri ön plana çıxarmaq idi.
Son 23 ildə iqtisadi inkişaf, enerji siyasəti, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və diplomatik əlaqələrin şaxələndirilməsi bu mərhələnin əsas istiqamətləri sırasında yer alıb. Bu proseslər azərbaycançılığın yalnız tarixi-mədəni məfkurə kimi deyil, müasir dövlətin suverenliyini və inkişaf imkanlarını ifadə edən anlayış kimi də şərh olunmasına şərait yaradıb.
Ərazi bütövlüyü və suverenlik - azərbaycançılığın əməli ifadəsi
Milli ideyanın dövlətçilik baxımından ən mühüm sınaqlarından biri onun real tarixi şəraitdə hansı nəticələrə gətirib çıxarmasıdır. Azərbaycan üçün bu sınağın əsas istiqamətlərindən biri ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin edilməsi idi.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə edildi. 2023-cü ilin sentyabrında keçirilən hərbi əməliyyatlardan sonra isə ölkənin bütün ərazisi üzərində suverenliyi bərpa olundu. Bu hadisələr Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı.
Beləcə, milli kimlik, tarixi yaddaş və dövlət müstəqilliyi anlayışları suverenliyin təmin olunması məsələsində bir araya gəldi. Azərbaycan bayrağının ölkənin bütün ərazisində dalğalanması dövlətin ərazi bütövlüyü ilə bağlı uzunmüddətli məqsədinin həyata keçirilməsi kimi təqdim olundu.
Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik xətti yeni təhlükəsizlik və geosiyasi reallıqlar qarşısında fərqli vəzifələrlə üzləşdi. Dövlət suverenliyinin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpası və həmin ərazilərə insanların qayıdışı bu vəzifələrin mühüm istiqamətlərinə çevrildi.
Təbii ki, azərbaycançılıq ideyasının təntənəsi bədnam qüvvələri ciddi şəkildə narahat edir. Ona görə də “özünə umac ova bilməyənlər” Azərbaycana “əriştə kəsməyə” çalışır. Və fürsət düşdükcə Azərbaycanın daxili işlərinə qarışır, ümummilli həmrəyliyi pozmağa təşəbbüs edirlər.
Əlbəttə ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir.
Bu gün azərbaycançılıq ideyaları dövlətimizi yad və qorxulu təhlükələrdən qoruyur. Amma bütün təhlükələrin aradan qaldırıldığını demək hələ çox tezdir.
Çünki Azərbaycan bir dövlət olaraq əldə etdikləri ilə kifayətlənmək istəmir. Bu gün regional güc olan Azərbaycan beynəlxalq miqyasda əsas söz sahiblərindən birinə çevrilməyi hədəfləyir. Bunun üçün də yeni-yeni hədəflər qət edilir.
Tək bir faktı deyək ki, gələn il müsəlman dünyası Bakıya toplaşacaq. Belə ki, paytaxtımızda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə Görüşü keçiriləcək. 2028-ci ildə isə Avropa siyasi icması Azərbaycana gələcək. Bakı Avropa Siyasi Birliyinin XII Zirvə Toplantısına ev sahibliyi edəcək.
Bütün bunlarsa azərbaycançılıq ideyalarının dövlətimizi haralara aparıb çıxardığının təcəssümü, təntənəsidir.
Azərbaycançılıq bizim sadəcə milli ideyamız deyil, varlığımızın mənəvi dayağı, tariximizin yaddaşı, gələcəyimizin yol xəritəsidir.
Bu ideya bizi dünənimizə bağlayır, bu günümüzdə birləşdirir, sabahımıza inamla aparır. Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi kimi formalaşdırdığı azərbaycançılıq məfkurəsi Prezident İlham Əliyevin rəhbərliyi dövründə suverenlik, ərazi bütövlüyü və milli həmrəylik kimi dəyərlərlə yeni tarixi məzmun qazanıb. Bu gün Azərbaycan dövlətinin qüdrəti təkcə iqtisadi imkanları, hərbi gücü və beynəlxalq nüfuzu ilə deyil, həm də xalqın milli ruhu, vətənə sədaqəti və ortaq taleyinə sahib çıxmaq iradəsi ilə ölçülür.
Azərbaycançılıq bizi bir xalq, bir millət, bir dövlət ətrafında birləşdirən müqəddəs bağdır. Bu bağ nə zamanın sınaqları qarşısında qırılar, nə sərhədlərin o tayında zəifləyər, nə də yad təsirlər qarşısında öz mahiyyətini itirər. Yetər ki, onu yaşadan milli yaddaşımızı, dilimizi, mənəvi dəyərlərimizi və dövlətçilik iradəmizi qoruyaq.
Çünki dövlətin qüdrəti onun təməlinə çevrilmiş milli ideyanın gücündən, xalqın birliyindən və gələcəyə inamından doğur. Azərbaycançılıq yaşadıqca Azərbaycan dövlətçiliyi də möhkəmlənəcək, üçrəngli bayrağımızın kölgəsində böyüyən hər yeni nəsil bu torpağın tarixini, şərəfini və gələcəyini öz məsuliyyəti biləcək.
Çünki Azərbaycançılıq bizim dünənimizdən gələn gücümüz, bu günümüzün birliyimiz, sabahımızın isə əbədi dövlətçilik əmanətidir.
Surxay Atakişiyev, Bizim.Media