
Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilən inzibati xətalar sırasına iki yeni halın əlavə edilməsi təklif olunur.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bunlar nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasıdır.
Hazırda bəzi inzibati xətalar xüsusi texniki vasitələrlə aşkar edildikdə, tənbeh vermə haqqında elektron qərarlar real vaxt rejimində elektron qaydada rəsmiləşdirilərək müvafiq informasiya sistemlərinə ötürülür.
Təklif olunan dəyişikliklərlə 342.6 və 428.5-ci maddələr üzrə xətaların da bu qaydada rəsmiləşdirilməsi nəzərdə tutulur.
Layihəyə görə, xüsusi texniki vasitələrdən əldə olunan məlumatlar informasiya sistemləri vasitəsilə mərkəzi informasiya sisteminə ötürüləcək, elektron sənəd şəklində rəsmiləşdiriləcək və səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiqlənərək müvafiq sistemlərə göndəriləcək.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində sürücünün hərəkət zamanı telefonu əlində saxlamaqla istifadə etməsinə, eləcə də razılıq olmadan və ya reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklam yayılmasına görə 50 manat cərimə nəzərdə tutulur.
Günay Şahmar, Bizim.Media