Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlığa dair sazişə dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Protokol 2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanıb.
Sənəd 1999-cu il iyulun 30-da Kiyev şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"də nəzərdə tutulan səlahiyyətli orqanlar barədə müddəanın yenilənməsini nəzərdə tutur.
1999-cu il tarixli Saziş iki dövlətin hökumət rabitəsi abunəçiləri arasında məxfi informasiya mübadiləsi üçün daimi dövlətlərarası hökumət rabitəsinin təşkilini nəzərdə tutur. Sazişə əsasən, bu rabitənin təşkili, texniki istismarı, təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələləri səlahiyyətli orqanlar tərəfindən həll olunur.
2012-ci il tarixli Protokolla səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası müəyyən edilib. Təqdim olunan Protokolda səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti müəyyən edilir. Protokolun 2-ci maddəsinə uyğun olaraq, Sazişə dəyişiklik edilməsi barədə 2012-ci il aprelin 4-də Bakı şəhərində imzalanmış əvvəlki Protokol yeni Protokolun qüvvəyə mindiyi tarixdən öz qüvvəsini itirir.
Protokol onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişi aldığı tarixdən qüvvəyə minir.
Sənəd Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişin qüvvədən düşdüyü tarixdən öz qüvvəsini itirir.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media