Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi aradan qaldırılacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə əsasən, Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportu sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, hər iki tərəfin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin ərazisinə daxil olmaq, ərazidən çıxmaq və ya tranzit keçmək üçün viza tələbindən azad ediləcək. Vətəndaşlar hər 180 günlük müddət ərzində qarşı tərəfin ərazisində 90 gündən artıq olmamaq şərtilə vizasız qala biləcəklər.
Vizasız rejimdən yararlanan şəxslər beynəlxalq sərnişin nəqliyyatı üçün açıq olan bütün dövlət sərhədindən buraxılış məntəqələrindən ölkəyə daxil ola, tranzit keçə və ölkəni tərk edə biləcəklər. Bununla yanaşı, vətəndaşların ümumvətəndaş pasportlarının etibarlılıq müddəti qarşı tərəfin ərazisinə nəzərdə tutulan giriş tarixindən etibarən ən azı 180 gün olmalıdır.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media