“2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb.
Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunmuş və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəaların təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Təqdim olunan layihə məhz bu çağırışa cavab verməklə və onun konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir.
Qanunun müzakirəsi, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də keçirilmiş və komitənin müvafiq rəyi hazırlanmışdır. Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfinizdən dəstəklənir və hörmətli millət vəkillərinin bu redaksiyanı dəstəkləməyə çağırıram”, - deyə o vurğulayıb.
Xatırladaq ki, söhbət “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsindən gedir.
Günay Şahmar, Bizim.Media