Xəbər verdiyimiz kimi, iki gün davam edən Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici diplomatik korpus nümayəndələri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, yaradılan müasir infrastrukturu, tarixi və mədəni məkanları yaxından izləyiblər. Səfəri işıqlandıran media nümayəndələri isə həm görülən işləri yerində müşahidə edib, həm də xarici diplomatların səfərlə bağlı təəssüratlarını ictimaiyyətə çatdırıblar.
Belə səfərlər yalnız diplomatik nümayəndələrin ərazilərlə tanışlığı baxımından deyil, həmin ərazilərdə gedən proseslərin Azərbaycan cəmiyyətinə və beynəlxalq auditoriyaya çatdırılması baxımından da əhəmiyyət daşıyır.
Bu baxımdan səfərdə müxtəlif media platformalarının, o cümlədən televiziya və xəbər resurslarının müxbirləri ilə yanaşı, bloger və influenserlərin də iştirakı ictimai müzakirəyə səbəb olub.
Əslində isə burada əsas sual bloger və influenserin niyə səfərdə olması deyil, müasir informasiya mühitində fərqli auditoriyalara necə çatmaqdır.
Bloger və influenserin öz auditoriyası var
Bu gün informasiya istehlakı əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib. Böyük auditoriya sosial şəbəkələrdə formalaşır və bir çox insan gündəlik məlumatlarını məhz bu platformalardan əldə edir. Bloger və influenserin əsas üstünlüyü də burada ortaya çıxır. Onların öz izləyici auditoriyası, öz üslubu və öz kommunikasiya kanalı var.
Bir bloger və ya influenserin paylaşımı ənənəvi xəbər saytının və ya televiziya kanalının auditoriyasından tamamilə fərqli insanlara çata bilər. Bu səbəbdən hər hansı mühüm səfərin yalnız bir informasiya kanalından deyil, müxtəlif kommunikasiya vasitələri ilə işıqlandırılması əslində informasiyanın daha geniş auditoriyaya çatdırılması deməkdir.
Məsələyə bu prizmadan baxdıqda onların belə səfərlərdə iştirakı klassik medianın funksiyasını əvəz etmir. Əksinə, əlavə informasiya kanalı yaradır.
Bloger və ya influenser jurnalistin yerini tutmur
Burada başqa bir mühüm məqam da var. Blogerin tədbirdə iştirak etməsi o demək deyil ki, televiziya və xəbər agentliklərinin müxbirlərinə ehtiyac yoxdur. Əksinə, sözügedən səfərdə blogerlərlə yanaşı, müxtəlif televiziya kanallarının və media qurumlarının peşəkar jurnalistləri də iştirak edib.
Səfəri işıqlandıran nümayəndələr arasında AZTV-nin, Xəzər TV-nin, Anewz-in, İTV-nin, Baku TV-nin, ATV Xəbərin və ARB24-ün xüsusi müxbiri, həmçinin Azərbaycanın xəbər agentliklərinin müxbirləri də yer alıb. Bu fakt özü göstərir ki, söhbət ənənəvi medianın kənarda qalmasından getmir.
Televiziya kanalları və xəbər agentliklərinin müxbirləri hadisəni peşəkar jurnalistika standartları çərçivəsində işıqlandırır, reportajlar hazırlayır, müsahibələr götürür və məlumatı öz media platformalarının auditoriyasına çatdırırlar.
Blogerlər və influenserin funksiyası isə müəyyən mənada başqadır: onlar hadisəni öz auditoriyalarına, öz kommunikasiya üslubları ilə təqdim edə bilirlər.
Qarabağ kimi mövzuların daha çox insana çatdırılması vacibdir
Qarabağ və Şərqi Zəngəzurla bağlı informasiya yalnız Azərbaycan daxilində deyil, ölkənin xaricində də maraq doğurur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, sosial obyektlərin yaradılması, tarixi və mədəni irsin bərpası kimi məsələlər haqqında məlumatların müxtəlif auditoriyalara çatdırılması mühüm əhəmiyyət daşıyır.
Belə bir mövzunun yalnız xəbər lentində qalması ilə milyonlarla insanın izlədiyi sosial media platformalarında görünməsi arasında ciddi fərq var. Məsələn, televiziya reportajını hər gün izləməyən bir insan həmin səfərlə bağlı informasiyanı sosial şəbəkədə izlədiyi blogerin paylaşımından görə bilər.
Başqa bir auditoriya isə eyni hadisəni televiziya süjetindən, xəbər agentliyinin materialından və ya qəzetin reportajından öyrənə bilər. Nəticədə eyni hadisə müxtəlif informasiya kanalları vasitəsilə müxtəlif insanlara çatır.
Müasir media yalnız xəbər saytından ibarət deyil
İnformasiya məkanının dəyişməsi artıq dünyanın hər yerində müşahidə olunan prosesdir. Sosial media istifadəçilərinin artması ilə blogerlər və kontent yaradıcıları da informasiya ekosisteminin bir hissəsinə çevriliblər. Əlbəttə, bu, bloger olmaqla jurnalist olmağın eyni şey olduğu anlamına gəlmir.
Jurnalistikanın öz peşə standartları, etik prinsipləri və məsuliyyəti var. Blogerin də öz auditoriyası qarşısında məsuliyyəti mövcuddur. Lakin blogerin jurnalist olmaması onun hər hansı mühüm tədbiri və ya səfəri işıqlandırmaq imkanını avtomatik olaraq aradan qaldırmır.
Əksinə, düzgün yanaşma peşəkar medianın imkanları ilə sosial medianın geniş auditoriyasını bir araya gətirməkdir.
Şəffaflıq və peşəkarlıq əsas şərtdir
Təbii ki, bu yanaşma heç də o demək deyil ki, istənilən şəxsin istənilən media tədbirində iştirakı müzakirə olunmamalıdır. Əksinə, belə səfərlərin təşkilində meyarların, iştirakçıların seçilmə prinsiplərinin və məqsədlərin mümkün qədər aydın olması ictimai etimad baxımından vacibdir.
Amma konkret halda müzakirəni yalnız “bloger və influenserlər niyə aparılıb?” sualı üzərində qurmaq müasir informasiya reallığının bir hissəsini nəzərdən qaçırmaq deməkdir.
Daha doğru sual belə ola bilər: Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər haqqında məlumatı müxtəlif auditoriyalara necə daha effektiv çatdırmaq olar?
Bu suala cavab axtararkən həm peşəkar jurnalistikanın, həm televiziya və xəbər agentliklərinin, həm də sosial media platformalarının imkanlarından istifadə etmək məntiqli görünür.
Qarabağ və Şərqi Zəngəzur kimi geniş ictimai və beynəlxalq əhəmiyyət daşıyan mövzuların mümkün qədər çox insana çatdırılması baxımından isə müxtəlif media formatlarının bir arada olması normal və faydalı informasiya praktikasına çevrilə bilər.
Burada blogerlərin iştirakını ənənəvi medianın alternativi kimi deyil, öz auditoriyası olan əlavə informasiya kanalı kimi qəbul etmək daha real yanaşmadır.
Bizim.Media