Sabah Naxçıvan daha bir tarixi hadisəyə şahidlik edəcək. Prezident İlham Əliyevin qədim diyara gözlənilən növbəti səfəri təkcə muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Prezident İlham Əliyevin diqqət və qayğısının daim hiss olunduğu bölgələrdəndir. Bu, təsadüfi deyil.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamlılığı Naxçıvan siyasətində də özünü aydın göstərir. Dövlət başçısı muxtar respublikanın inkişafını yalnız kabinetdən verilən qərarlarla deyil, mütəmadi səfərləri, yerində müşahidələri, tapşırıq və göstərişləri ilə təmin edir. Naxçıvanda son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur, sosial və iqtisadi layihələr də bu siyasətin praktiki nəticələridir.
Amma sabahkı səfəri fərqləndirən mühüm məqam var: Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından biri kimi nəzərdən keçirilir.
Coğrafiyaya nəzər salmaq kifayətdir. Naxçıvan Türkiyə, İran və Ermənistan arasında yerləşir. Bu üçbucaq onu Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından birinə çevirir. İndi isə bu coğrafiyanın əhəmiyyətinə yeni bir faktor əlavə olunur: regionda nəqliyyat kommunikasiyalarının bərpası və yeni marşrutların yaradılması.
Bu baxımdan səfər çərçivəsində mühüm hadisələrdən biri “Naxçıvan dəmir yollarının yenidən qurulması layihəsi”nin icrasına rəsmən start verilməsi olacaq.
Bu layihənin mahiyyəti sadəcə köhnə dəmir yolunun yenilənməsindən ibarət deyil. Söhbət Naxçıvanın nəqliyyat sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılmasından, muxtar respublikanın uzun illər davam edən nəqliyyat təcridinin aradan qaldırılmasından və onun yenidən beynəlxalq dəmir yolu şəbəkəsinə qoşulması üçün real imkanların yaradılmasından gedir.
Azərbaycan Dəmir Yollarının Naxçıvan hissəsinin yenidən qurulması nəticəsində dəmir yolunun müasir standartlara uyğunlaşdırılması, qatarların daha yüksək sürətlə hərəkət etməsi (saatda 120 km sürətlə), yük və sərnişin daşımalarının genişlənməsi nəzərdə tutulur. Bu isə Naxçıvanın iqtisadi həyatına yeni dinamizm gətirməklə yanaşı, onun Türkiyə və İran istiqamətində mövcud, Ermənistan istiqamətində isə perspektiv bağlantılarının əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Bir vaxtlar Naxçıvana gedən dəmir yolunun Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin kəsilməsi bu qədim diyarı nəqliyyat baxımından faktiki təcrid vəziyyətinə salmışdı. İndi isə tarix dəyişir. Uzun illər kənarda qalan dəmir yolu yenidən böyük regional nəqliyyat arteriyalarının bir hissəsinə çevrilmək imkanına qovuşur.
Burada əsas məsələ təkcə Naxçıvan deyil.
Naxçıvanın dəmir yolu bağlantısının gücləndirilməsi Türkiyənin Qars istiqamətindən Naxçıvana doğru həyata keçirilən layihələrlə, Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması gündəliyi ilə və İranla nəqliyyat əlaqələrinin genişləndirilməsi imkanları ilə bir-birini tamamlayan prosesdir. Başqa sözlə, xəritədə ayrı-ayrı görünən layihələr əslində vahid nəqliyyat sisteminin elementlərinə çevrilə bilər.
Bu mənada TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannamədə TRIPP təşəbbüsünün irəli sürülməsi regional nəqliyyat bağlantılarının yeni mərhələyə keçməsi baxımından mühüm siyasi hadisə oldu. Marşrutun əsas nəticələrindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması və bunun Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsidir.
Bu prosesin məhz indi daha böyük əhəmiyyət qazanması təsadüfi deyil. Cənubi Qafqazda sülh gündəliyi ilə nəqliyyat gündəliyi getdikcə daha sıx şəkildə bir-birinə bağlanır. Ölkələri bir-birinə bağlayan yollar yalnız malların və sərnişinlərin hərəkətini təmin etmir. Onlar qarşılıqlı iqtisadi asılılıq yaradır, maraqları yaxınlaşdırır və sabitliyin möhkəmlənməsinə xidmət edir.
Əslində yeni nəqliyyat xəritəsinin fəlsəfəsi də budur: qarşıdurma xətlərinin yerini əməkdaşlıq yolları alsın. Naxçıvan bu mənada xüsusi mövqeyə malikdir. Bir tərəfdən Türkiyə, digər tərəfdən İran, qarşı tərəfdən Ermənistan və Azərbaycan ərazisi ilə bağlantı imkanları bu bölgəni gələcəkdə çoxşaxəli nəqliyyat qovşağına çevirə bilər.
Bu bağlantılar yalnız Cənubi Qafqazın iqtisadiyyatına deyil, daha geniş Avrasiya məkanında ticarət marşrutlarına da təsir göstərə bilər.
Burada Orta Dəhlizin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Çin və Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycan, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrutun inkişafında Azərbaycanın mövqeyi getdikcə güclənir. Almaniya ilə son təmaslarda da Orta Dəhlizin əhəmiyyəti ayrıca vurğulanıb.
Naxçıvanın bu sistemə daha sıx inteqrasiyası isə Orta Dəhlizin coğrafiyasını və imkanlarını genişləndirən əlavə halqaya çevrilə bilər.
Deməli, sabah Naxçıvanda başlanacaq layihələrə yalnız bir muxtar respublikanın inkişafı kontekstində baxmaq düzgün olmazdı. Burada söhbət daha böyük mənzərədən gedir:
Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsindən, Cənubi Qafqazın kommunikasiyalarının bərpasından, Türkiyə ilə əlaqələrin daha da möhkəmlənməsindən, İran istiqamətində yeni imkanların yaranmasından və Ermənistanla iqtisadi əlaqələrin mümkünləşməsindən.
Bu mənzərədə Prezident İlham Əliyevin sabahkı Naxçıvan səfərinin siyasi mənası da xüsusi çəki qazanır. Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətində əldə etdiyi hərbi-siyasi nəticələrdən sonra qarşıda duran əsas vəzifələrdən biri qələbənin yaratdığı yeni reallıqları davamlı sülhə, regional əməkdaşlığa və iqtisadi inkişafa çevirməkdir. Bu baxımdan nəqliyyat layihələri həmin strategiyanın ən mühüm alətlərindən biridir.
Başqa sözlə, döyüş meydanında əldə edilmiş qələbə diplomatik masada yeni reallıqlar yaratdısa, bu gün həmin reallıqlar yollar, dəmir yolları, logistika mərkəzləri və iqtisadi layihələr vasitəsilə möhkəmləndirilir.
Bu, qələbənin məntiqi davamıdır.
Naxçıvanın taleyində isə bunun ayrıca simvolik mənası var. Uzun illər blokadanın ağır sınaqlarını yaşayan qədim diyar indi öz coğrafiyasının yaratdığı üstünlükləri daha geniş miqyasda reallaşdırmaq mərhələsinə daxil olur. Vaxtilə təcrid amili ilə xatırlanan Naxçıvanın qarşısında indi bağlantı, tranzit və əməkdaşlıq perspektivi açılır.
Beləliklə, Naxçıvan sözün həm coğrafi, həm də mənəvi mənasında Şərqin və Qərbin qapısı olmaq imkanlarını daha real şəkildə əldə edir.
Sabahkı səfər çərçivəsində sosial-iqtisadi və mədəni sahələrdə digər mühüm layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi də bu mənzərəni tamamlayacaq. Çünki böyük nəqliyyat layihələrinin əsas məqsədi yalnız xəritədə yollar çəkmək deyil. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı formalaşmalıdır.
Naxçıvanın qarşısında məhz belə bir yeni inkişaf mərhələsi dayanır.
Bu səbəbdən Prezident İlham Əliyevin sabahkı səfəri adi işgüzar səfər çərçivəsindən daha geniş məna daşıyır. Bu səfər Naxçıvanın keçmişdən gələcəyə uzanan inkişaf xəttində növbəti mühüm mərhələdir. Daha böyük mənada isə Azərbaycan Prezidentinin regional siyasətinin mühüm istiqamətlərindən birinin – yolların, kommunikasiyaların və iqtisadi maraqların sülhün və sabitliyin dayağına çevrilməsi siyasətinin növbəti nümayişidir.
Naxçıvan Türkiyə, İran və Ermənistan üçbucağında yerləşir. Amma qarşıdakı mərhələdə bu üçbucaq sadəcə coğrafi anlayış olmayacaq. O, yeni yolların, yeni iqtisadi əlaqələrin və yeni əməkdaşlıq imkanlarının kəsişmə nöqtəsinə çevrilə bilər.
Və sabah Naxçıvanda atılacaq addımlar bu böyük dəyişimin növbəti mühüm işarəsi olacaq. (Mənbə: nuhcixan.az)
Sahil Tahirli