Xəbər verdiyimiz kimi iyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” imzalanıb.
Strateji gündəliyin iqtisadi-siyasi əhəmiyyəti nədən ibarətdir?
Birgə Bəyannamə təkcə mövcud əməkdaşlığı möhkəmləndirməyi deyil, həm də iqtisadi, enerji, nəqliyyat, sənaye, yaşıl enerji, təhsil və rəqəmsal texnologiyalar kimi sahələrdə uzunmüddətli tərəfdaşlıq üçün Yol Xəritəsi rolunu oynayır.
Azərbaycan üçün bu sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniya ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş hesab etdiyini nümayiş etdirir. Almaniya üçünsə vacib amil ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolu durmadan artır. Eyni zamanda Azərbaycanın unikal kommunikasiya qovşağı olması Almaniya üçün vacib faktordur.
Təbii qaz ixracı ilə yanaşı, Xəzər dənizinin külək enerjisi potensialı və yaşıl hidrogen layihələri də gələcək əməkdaşlığın əsas istiqamətlərindən hesab olunur.
Strateji gündəlik eyni zamanda Orta Dəhlizin inkişafına da əlavə stimul verir. Almaniyanın logistika, sənaye və yüksək texnologiyalar sahəsindəki təcrübəsi Azərbaycanın tranzit imkanları ilə birləşdikdə Avropa ilə Asiyanı birləşdirən yükdaşımaların həcmi daha da arta bilər. Bu isə ölkəmizdə yeni investisiyalar, iş yerləri və iqtisadi artım üçün əlavə imkanlar yaradır.
Siyasi baxımdan sənəd Azərbaycan-Almaniya dialoqunun institusional əsaslarını gücləndirir. Müntəzəm yüksək səviyyəli görüşlər, iqtisadi komissiyaların fəaliyyəti və biznes əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin daha davamlı inkişafına xidmət edəcək.
Liderlərdən tarixi mesajlar
Təsadüfi deyil ki, imzalanan sənədlərin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında əminliklə bəyan edib ki, bu gün imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldıracaq:
“Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
Strateji dialoqun başlaması əslində strateji əməkdaşlığın başlanması istiqamətində əsas addımdır. Bu da o anlama gəlir ki, Azərbaycanla Almaniya artıq strateji tərəfdaş olmaq yolunda irəliləyirlər.
Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında da bu məqamı xüsusi vurğulayıb.
O, birgə mətbuat konfransında bəyan edib ki, Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir:
"Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu məsələ bu gün imzaladığımız Birgə Bəyannnamədə də öz əksini tapıb”.
Ona görə də Birgə Bəyannaməni iki ölkə münasibətlərini yeni strateji mərhələyə yüksəldən sənəd kimi qiymətləndirmək olar. Bu gündəlik iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat dəhlizlərinin inkişafı və siyasi dialoqun dərinləşməsi baxımından uzunmüddətli perspektivlər açır.
Biznes Şurası - strateji tərəfdaşlığın praktik mexanizmi
Səfər çərçivəsində imzalanan daha bir mühüm sənəd – Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə strateji gündəliyin iqtisadi müstəvidə həyata keçirilməsini təmin edəcək əsas mexanizmlərdən biri hesab olunur. Bununla əməkdaşlıq təkcə yüksək səviyyəli görüşlər və biznes forumları ilə məhdudlaşmayacaq, dövlət qurumları ilə işgüzar dairələr arasında daimi fəaliyyət göstərən platforma formalaşacaq.
Biznes Şurası investisiyaların təşviqi, birgə layihələrin əlaqələndirilməsi, biznes mühitində mövcud maneələrin operativ həlli və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaq.
İqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələr son illər davamlı inkişaf edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 1,4 milyard ABŞ dollarına çatması, Almaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi bunun göstəricisidir. Hazırda Azərbaycanda 200-dən çox Almaniya kapitallı şirkətin fəaliyyət göstərməsi də qarşılıqlı etimadın real nəticəsidir.
Əməkdaşlığın əsasını energetika təşkil etsə də, münasibətlər artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Azərbaycan Almaniyaya təbii qaz tədarükünü artırmaq imkanına malikdir və yaşıl enerji, sənaye kooperasiyası, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, Orta Dəhliz, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr yeni əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır. Bu baxımdan Biznes Şurası qarşılıqlı investisiyaların artmasına, yeni layihələrin reallaşmasına və Azərbaycan şirkətlərinin Almaniya bazarında, Almaniya biznesinin isə ölkəmizdə fəaliyyətinin daha da genişlənməsinə mühüm töhfə verəcək.
Gələcək əməkdaşlıq perspektivləri
Azərbaycan–Almaniya münasibətlərinin gələcəyi yalnız iqtisadi müqavilələrin, enerji layihələrinin və ya siyasi dialoqun uğuru ilə ölçülməyəcək. Bu münasibətlərin əsl dəyəri qarşılıqlı etimadın, ortaq maraqların və birgə məsuliyyət hissinin nə dərəcədə möhkəmlənməsində öz əksini tapacaq. Çünki dövlətlər arasında uzunömürlü tərəfdaşlıq məhz qarşılıqlı hörmət, etibarlılıq və dəyişən dünyaya birlikdə uyğunlaşmaq bacarığı üzərində qurulur.
Qloballaşan dünyanın mürəkkəb geosiyasi reallığında Azərbaycan Şərqlə Qərbi birləşdirən etibarlı körpü, Almaniya isə Avropanın iqtisadi və texnoloji inkişafının aparıcı güclərindən biridir.
Bu iki potensialın vəhdəti yalnız iki ölkəyə deyil, daha geniş regionda sabitliyə, təhlükəsizliyə və rifaha da töhfə verə bilər. Tarix göstərir ki, xalqları yaxınlaşdıran əsas amil coğrafi məsafə deyil, ortaq məqsədlər və qarşılıqlı etimaddır.
Məhz buna görə də Azərbaycan–Almaniya münasibətlərinin perspektivləri bugünkü maraqlardan daha böyük məna daşıyır. Bu münasibətlər gələcəkdə daha təhlükəsiz, dayanıqlı əməkdaşlıq modelinə çevrilə bilər. Çünki diplomatiyanın ən böyük qələbəsi etibarlı tərəfdaşlar qazanmaqdır. Yəni dövlətlərin həqiqi gücü təkcə iqtisadi imkanlarla deyil, etimada əsaslanan münasibətlər qurmaq bacarığı ilə ölçülür.
Surxay Atakişiyev, Bizim.Media