Ermənistanın "Güclü Ermənistan" müxalifət fraksiyasının deputatları hökuməti COP-17 konfransının təşkili zamanı dövlət büdcəsindən milyonlarla dollar həcmində əsassız və kütləvi xərclər etməkdə ittiham ediblər.
Bizim.Media Sputnik Armenia-ya istinadən xəbər verir ki, keçirilən mətbuat konfransında deputat Asmik Yengoyan bildirib ki, hökumət nümayəndələri tədbir üçün ümumilikdə nə qədər vəsait xərclənəcəyini aydın izah edə bilmirlər.
Müxalifətçilərin araşdırmasına əsasən, tədbirin keçiriləcəyi "Meridian Holdinq" binasına əvvəlcə nəzərdə tutulandan qat-qat çox — 10,8 milyard dram (təxminən 30 milyon dollar) ayrılıb.
Deputat müqavilələrdə texniki parametrlərin göstərilmədiyini və xərclərin obyektivliyini yoxlamağın qeyri-mümkün olduğunu vurğulayıb.
Fraksiyanın digər üzvü Lena Matevosyan isə diqqəti "Doping Space" şirkətinə tədbirin keçirilməsi üçün ayrılan 5 milyon dollardan çox vəsaitə cəlb edib. O xatırladıb ki, bu şirkət daha əvvəl İrəvanda repçi Snup Doqqun (Snoop Dogg) baş tutmayan konsertini təşkil etməli idi.
Deputatlar ehtimal olunan mənimsəmə və əsassız xərclərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bəyan ediblər.
Bizim.Media