Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “SpaceX” şirkətinin iki yüksək vəzifəli rəhbəri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Ərdoğan ABŞ-ın aerokosmik şirkətinin yüksək vəzifəli nümayəndələri Rebekka Hanter və Maykl Nikollsu konqresin açılış mərasimindən sonra qəbul edib.
Görüşdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, həmçinin SAHA İstanbul Müdafiə və Aerokosmik Klasterinin rəhbəri Haluk Bayraktar iştirak ediblər.
Görüş zamanı hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb. Türkiyə Prezident Administrasiyası danışıqlardan sonra hər hansı razılaşma, açıqlama və ya əlavə məlumat yayımlamayıb.
Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresi hökumət nümayəndələrini, aerokosmik şirkətlərin rəhbərlərini, alimləri və mühəndisləri bir araya gətirir. Bu ilki 77-ci konqres cümə gününədək davam edəcək.
Bizim.Media