Azərbaycanda nağdsız ödənişlərə maraq ildən-ilə artır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin avqust ayında ölkə daxilində ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 8,8 faiz çoxdur. İlin əvvəlindən isə nağdsız ölkədaxili əməliyyatların həcmi 13,2 faiz artıb.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
Lakin ötən ay, Azərbaycanda bank kartları arasında köçürmələrlə bağlı gündəlik hədd müəyyənləşdiyi üçün insanların artıq vəsaitlərini nağdlaşdıraraq istifadə edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Çünki statistikadan əlavə, insanlar bəzi xidmətlərdə ödənişi kartdan karta pul köçürməklə ödəyirlər.
Müzakirələrə görə, gündəlik limitin tətbiqi nağd pula tələbatı artıracaq və bu da vəsaitlərin nağdlaşdırılmasına gətirib çıxaracaq.
Bəs nağdsız ödənişlərin gələcəkdə artması gözlənilirmi?
Mövzu barədə Bizim.Media-ya danışan bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda son 7-8 ildə nağdsız ödənişlərin həcmi artan sürətlə davam edir.
O hesab edir ki, bunun əsas səbəblərdən biri rahatlıqdır:
“Vətəndaşlar ticarət edərkən ən çox nağdsız ödənişlərdən istifadə edirlər. Bunu da dövlət əlavə dəyər vergisinin bir hissənini geri qaytarılmaqla stimullaşdırıb. Yəni vətəndaş ödənişi nağdsız edəndə daha çox ƏDV qazanır. Nağdla nağdsız ödəniş arasında əlavə dəyər vergisinin qaytarılmasında fərq böyükdür. Sahibkarlara gəldikdə isə onlarda vəziyyət başqa cürdür. İri şirkətlə bank hesablarından ayda 30, digərləri isə 15 min çıxara bilir. Çıxara bilmədikləri üçün nağdsız ödənişlər onlara da sərf edir. Digər tərəfdən, Dövlət Vergi Xidməti də ödənişlərin rəsmi olması və bu kimi məsələlərlə bağlı inzibati nəzarəti gücləndirib.Əsas səbəblər bunlardır”.
Günay Şahmar, Bizim.Media