Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə hücumuna məruz qalan Türkiyəyə məxsus MV Reyhan Sarı quru yük gəmisinin sahibi Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, HaberDenizde portalının məlumatına görə, məhkəməyə müraciəti gəminin sahibi olan “T ve O Denizcilik” şirkəti və ekipajın 15 üzvü birgə təqdim edəcək.
Vəkillərə göndərilən müraciətdə ticarət gəmilərinin beynəlxalq hüquqla qorunduğu və hərbi hədəf kimi nəzərdən keçirilə bilməyəcəyi vurğulanıb. Sənəddə həmçinin Ukraynanın Türkiyə gəmisini qəsdən hədəfə aldığı və bunun “insanlıq əleyhinə cinayət” olduğu iddia edilir.
Qeyd edək ki, iyulun 22-də Rusiyanın Taman limanından Türkiyənin Trabzon limanına kömür daşıyan MV Reyhan Sarı pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hücum nəticəsində ekipaj üzvlərindən biri ölüb, üç nəfər yaralanıb.
Bizim.Media