Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantinonu qəbul edib.
Bizim.Media xəbər verir ki, görüşdən sonra FIFA prezidenti rəsmi sosial şəbəkə hesabında Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
İnfantino paylaşımında Bakıda möhtəşəm və məhsuldar bir gün keçirdiyini vurğulayıb:
“Tarixdə ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşarkən Bakıda həqiqətən möhtəşəm və məhsuldar bir gün keçirdim! Dünyanın 190 ölkəsini bir araya gətirən bu turnir planetin ən böyük futbol bayramına çevriləcək.
Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev ilə görüşmək, gələn ay keçiriləcək U-15 turnirini və 2027-ci ildə Özbəkistanla birgə ev sahibliyi edəcəyimiz FIFA U-20 Dünya Çempionatını müzakirə etmək mənim üçün böyük şərəf idi”.
FIFA rəhbəri həmçinin AFFA prezidenti Rövşən Nəcəf ilə birlikdə 10 futbol meydançası, 1000-ə yaxın oyun və 4000 uşağın iştirak edəcəyi nəhəng idman kompleksinin yerləşdiyi əraziyə baş çəkdiklərini də bildirib.
Xatırladaq ki, gələn ay ölkəmizdə 15 yaşadək futbolçular arasında ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçiriləcək. Həmçinin 2027-ci ildə Azərbaycan Özbəkistanla birgə 20 yaşadək futbolçular arasında Dünya Çempionatına (FIFA U-20 World Cup) ev sahibliyi edəcək.
Bizim.Media